logo

Türk İnvestisiya Fondunun yaradılması ilə bağlı qanun layihəsi parlamentdə müzakirə olunur

11:55 30-05-2023 | icon 1470
Türk İnvestisiya Fondunun yaradılması ilə bağlı qanun layihəsi parlamentdə müzakirə olunur

Milli Məclis Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndinə əsasən “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsini müzakirəyə çıxarıb.

YeniAvropa xəbər verir ki, sənədə əsasən, Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərinin iştirakı ilə yaradılan Türk İnvestisiya Fondunun məqsədi üzv ölkələrin mülki müdafiə mexanizminin yaradılması, iqtisadi birliyin möhkəmləndirilməsi, regiondaxili ticarəti genişləndirmək, iqtisadi fəaliyyətləri dəstəkləmək vasitəsilə TDT-nin üzv dövlətlərinin iqtisadi inkişafına töhfə verməkdir.

Fondun fəaliyyəti Türk Dövlətləri Təşkilatına üzv ölkələrin iqtisadi potensialının inkişafına, onlar arasında ticari-iqtisadi əməkdaşlığın gücləndirilməsinə, birgə layihələrin həyata keçirilməsinə yönəldiləcək.

“Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi ilə bağlı qanun layihəsinə əsasən, təsisçi üzvlər olmayan TDT-nin iştirakçı dövlətləri bu Sazişə qoşulmaqla Fondun üzvü ola bilərlər. Digər dövlətlər 38-ci maddəyə uyğun olaraq Rəhbərlər Şurası tərəfindən müəyyənləşdirilən şərtlər və qaydalar əsasında üzv ola bilərlər.

Sənəddə Türk İnvestisiya Fondunun nizamnamə kapitalının 500 milyon ABŞ dolları olduğu bildirilir. Nizamnamə kapitalı hər birinin nominal dəyəri 50 min dollar olan 10 min paya bölünüb.

Fondun prezidenti qurumun Rəhbərlər Şurası tərəfindən dördillik müddətə uzatma və yenidən təyinetmə olmadan rotasiya əsasında təyin edilir.

Rotasiyaya Rəhbərlər Şurası tərəfindən qərar verilir və buna Fondun birinci prezidenti də daxildir.

Fondun birinci prezidenti Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurası tərəfindən dördillik müddətə uzatma və yenidən seçilmə olmadan təyin edilir. Fondun prezidenti Direktorlar Şurasının sədridir, lakin səsvermə hüququ yoxdur. O, Direktorlar Şurasının iclaslarına sədrlik etmək, Rəhbərlər Şurasının qərarlarının icrasına nəzarət etmək, Fondu beynəlxalq arenada təmsil etmək, üzv dövlətlərin dövlət və hökumət başçıları ilə ünsiyyət qurmaq, həmçinin Fond üçün birgə maliyyələşdirmə və resursların səfərbər edilməsi imkanlarını axtarmaq kimi məsələlərə məsuliyyət daşıyır.

Fond öz məqsədini həyata keçirmək üçün aşağıdakı funksiya və səlahiyyətlərə malikdir:

a) regiondaxili ticarətin təşviqində yardım etmək;

b) xüsusilə mikro, kiçik və orta müəssisələrə aid olan layihələri maliyyələşdirmək;

c) beynəlxalq və milli maliyyə və inkişaf institutları, eləcə də ticarət palataları və özəl müəssisələr ilə əməkdaşlıq etmək və birgə maliyyələşdirmək;

d) nəqliyyat və logistika zəncirlərinin, saxlama və istehsal imkanlarının genişləndirilməsini dəstəkləmək;

e) dövlət-özəl tərəfdaşlığı daxil olmaqla fiziki və rəqəmsal infrastrukturun yaradılmasını və modernləşdirilməsini dəstəkləmək;

f) sənaye istehsalı, infrastruktur, nəqliyyat, kənd təsərrüfatı, informasiya və kommunikasiya texnologiyaları və turizm daxil olmaqla qarşılıqlı maraq doğuran sahələrdə inkişaf layihələrini dəstəkləmək;

g) enerji səmərəliliyi, bərpa olunan enerji və ətraf mühitin mühafizəsinə investisiya yatırmaqla yaşıl iqtisadiyyata töhfə verən layihələri maliyyələşdirmək;

h) zəruri hesab edildikdə investisiya layihələrinin hazırlanması üçün yardım və maliyyə dəstəyi təmin etmək.

Qeyd edək ki, “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Saziş 2023-cü il martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Fövqəladə Zirvə görüşü zamanı təsisçi üzvlərin razılığı əsasında imzalanıb. Təsisçi üzvlər Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandır.