logo

Yaponiyanın baş naziri NATO-nun Zirvə görüşündə iştirak edəcək

12:02 25-05-2023 | icon 3500
Yaponiyanın baş naziri NATO-nun Zirvə görüşündə iştirak edəcək

Yaponiyanın baş naziri Fumio Kişida iyulda NATO-nun Litvada keçiriləcək Zirvə görüşündə iştirak edəcək.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, baş nazirin sammitdə iştirakı ilə əlaqədar hazırlıq işləri görülür. Yaponiya NATO-nun Zirvə toplantısında tərəfdaş ölkə statusu ilə təmsil ediləcək. Bu, Baş nazir Fumio Kişidanın NATO Zirvə toplantısında ikinci iştirakı olacaq. O, ötən il Şimali Atlantika alyansının Sammitində ilk dəfə iştirak edən Yaponiya baş naziri olub.

Ukraynaya dəstək məsələsi NATO-nun Litva Sammitinin gündəmində əsas yer tutacaq.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başlayandan bəri nəinki Avropada, hətta Asiyada da NATO-ya üzv olmaq və ya tərəfdaşlığı dərinləşdirmək istəyən ölkələrin sayı artıb. Yaponiyanın "NHK" telekanalının məlumatına görə , baş nazir Fumio Kişida Rusiya-Çin əməkdaşlığının genişlənməsi, habelə Şimali Koreyanın nüvə-raket fəaliyyəti fonunda NATO ilə tərəfdaşlığı dərinləşdirmək istəyir.

Xatırladaq ki, digər Asiya dövləti-Cənubi Koreyanın da prezidenti Yun Sok Yol NATO-nin Litva Sammitində iştirak edəcək.