“Rusiya Türkiyədəki prezident və parlament seçkilərini böyük diqqətlə izləyir”.
YeniAvropa xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov mayın 15-də jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Türkiyə şəffaf seçkiləri təmin etməyə və qanunsuz hərəkətlərin qarşısını almağa qadir olan dövlətdir: “Rusiyam ilə Türkiyə arasında əməkdaşlıq, həqiqətən, qarşılıqlı faydalıdır. Bu əməkdaşlıq hər iki ölkənin və xalqların maraqlarına cavab verir”.
Qeyd edək ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçirilib. Son məlumatlara görə, seçki məntəqələrinin 99,4 faizinin nəticələri hesablanıb.
Məlumata görə, “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 49,40 faiz səs toplayıb.
İkinci yerdə 44,96 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu qərarlaşıb.
"Ata İttifaqı”nın namizədi Sinan Oğana 5,2 faiz seçici səs verib.
Parlament seçkilərində isə AK Parti qalib gəlib. Hakim partiya Türkiyə Böyük Millət Məclisindəki 600 deputat yerindən 266-nı qazanıb.
İkinci yeri tutan müxalif Cümhuriyyət Xalq Partiyası 28-ci çağırış qanunverici orqanda 168 millət vəkili ilə təmsil olunacaq.
Yaşıl Sol Partiyası 62, Milliyətçi Hərakat Partisi 51, İYİ Parti 44, Yenidən Rifah Partiyası 6, Türkiyə İşçi Partiyası (TİP) 4 deputat yeri əldə edib.