Ukraynanın paytaxtı Kiyev şəhəri mayın 3-də gecə saatlarından başlayaraq rus qoşunları tərəfindən İranın “Şahed” tipli kamikadze dronlarla hücuma məruz qalıb.
YeniAvropa xəbər verir ki, bu barədə Kiyev Regional Hərbi Administrasiyasının rəhbəri Sergey Popko "Telegram" kanalında məlumat verib. Qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiə qüvvələri düşmənin bütün kamikadze dronlarını vurub. Düşmənin hava hücumu nəticəsində paytaxtda tələfat və dağıntı yoxdur.
Dnepropetrovsk vilayəti Hərbi Administrasiyasının yaydığı məlumata görə, mayın 3-nə keçən gecə kamikadze dronu ilə Dnepr şəhər administrasiyasının binası vurulub.
“Dneprdə inzibati binaya ziyan dəyib. Yanğın baş verib. Artıq yanğın söndürülüb. Şəhər sakinləri xəsarət almayıb”, - deyə məlumatda bildirilib.
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, ötən gecə Rusiya tərəfindən Ukraynanın ayrı-ayrı şəhərlərinə İran istehsalı 26 “Şahed” kamikadze dronu hücum edib. Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri tərəfindən kamikadze dronlanndan 21-i vurulub.