logo

“Formula 1”ə görə Bakı metrosu gecə saat 2-dək açıq olacaq

11:55 26-04-2023 | icon 987
“Formula 1”ə görə Bakı metrosu gecə saat 2-dək açıq olacaq

Aprelin 28-dən 30-dək keçiriləcək “Formula 1” üzrə Azərbaycan Qran-Prisi ilə əlaqədar “Bakı Metropoliteni”nin iş rejimində dəyişiklik ediləcək. Paytaxtda təşkil olunan kütləvi tədbirlərlə əlaqədar müvafiq əməliyyat planı əsasında, yarışın keçiriləcəyi müddətdə metropolitendə gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

“Bakı Metropoliteni”ndən YeniAvropa-ya bildirilib ki, yarışın keçiriləcəyi müddətdə nəzərdə tutulmuş kütləvi-mədəni proqramların başa çatacağı vaxtlar nəzərə alınaraq, aprelin 28-dən 29-na və 29-dan 30-na keçən gecə saat 2-ə qədər metropoliten stansiyaları sərnişinlərin girişinə açıq olacaq.

Aprelin 30-u bazar günü olsa da, qatarların hərəkəti “Həzi Aslanov-28 May” sahəsində 2,5 dəqiqəlik intervalla təşkil ediləcək.

Qeyd olunan tarixlərdə gün ərzində qatarların hərəkəti qış qrafikinin tələblərinə uyğun nizamlanacaq. Bununla belə, idman yarışı məkanlarına yaxın stansiyalar üçün müvafiq tədbirlər planına uyğun olaraq, hazır vəziyyətdə saxlanılan ehtiyat qatarlar ehtiyac yaranacağı təqdirdə xəttə buraxılacaq.