Amerika Birləşmiş Ştatları Qara dəniz üzərində kəşfiyyat uçuşları davam etdirməyi planlaşdırır. Bu, digər məsələlərlə yanaşı, Rusiyanın Ukraynadakı hərbi əməliyyatı zamanı Kiyevə kömək etmək üçün nəzərdə tutulub.
YeniAvropa xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi məlumat verib.
Onun sözlərinə görə, ABŞ Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyatla əlaqədar Qara dəniz regionunun hava məkanında tətbiq etdiyi məhdudiyyətlərə əməl etmək niyyətində deyil:“İstədiklərini elan edə bilərlər, qadağalarla bağlı istədiklərini deyə bilərlər. Gələcəkdə də beynəlxalq hüquq normalarına uyğun olaraq uçuşlarımızı davam etdirəcəyik”.
Qeyd edək ki, martın 14-də Qara dəniz üzərində Rusiyanın iki “Su-27” qırıcısı beynəlxalq hava məkanında kəşfiyyat aparan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “MQ-9” dronunun qarşısını almağa cəhd edib. Nəticədə “Su-27”lərdən biri “MQ-9 Reaper” dronuna çırpılıb.