Oktyabrın 14-dən 28-dək Bakıda keçiriləcək Beynəlxalq Caz Festivalının proqramı zəngindir. Festivalın konsert proqramları Beynəlxalq Muğam Mərkəzində və Rotunda Caz Klubunda təşkil olunacaq.
YeniAvropa festivalın saytına istinadla xəbər verir ki, oktyabrın 15-də Beynəlxalq Muğam Mərkəzində gitaraçı, Azərbaycanın Əməkdar artisti Həsən Bağırov (Sankt-Peterburq), pianoçu cazmen Leonid Ptaşka (İsrail) çıxış edəcəklər. Oktyabrın 16-da Rotunda Caz Klubunda saksofon ifaçısı Uve Ştaynmetsin (Almaniya), ayın 19-da müğənni Laura Poldverenin (Estoniya), 20-də Jan Şole triosunun (Fransa), 21-də İsveçin musiqi qrupunun konserti olacaq.
Azərbaycan Cazı Günündə - oktyabrın 22-də Rotunda Caz Klubunda Elvin Bəşirov qrupu konsert proqramı ilə çıxış edəcək. Rotunda Caz Klubunda oktyabrın 23-də Can Cankaya və Kağan Yıldız (Türkiyə), 24-də Martin Salemi triosu (Belçika), 25-də Helge Lien triosu (Norveç), 26-da Maykl Pipoquinha (Braziliya), 27-də Ruben Hein triosunun (Belçika) konsert verəcəklər. Festivala oktyabrın 28-də Beynəlxalq Muğam Mərkəzində ABŞ-dan olan musiqiçilər Qreqori Maretin və Kristi Daşiyelin çıxışı ilə yekun vurulacaq.
Qeyd edək ki, festival çərçivəsində oktyabrın 15-dən 18-dək Bakıda Beynəlxalq Caz Müsabiqəsi də keçiriləcək.
Bakı Caz Festivalı 2017-ci ildən “European Jazz Network” təşkilatının üzvüdür.