Fevralın 20-də yerli vaxtla saat 20:04-də Türkiyənin Hatay vilayətində 6,4 bal gücündə zəlzələ olub. Saat 20:07-də isə bu vilayətin Samandağ rayonunda 5,8 bal gücündə zəlzələ baş verib.
YeniAvropa "Anadolu" agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) məlumat yayıb.
Episentri Hatay vilayətinin Defne rayonunda olan yeraltı təkanlar ətraf vilayətlərdə də hiss edilib. Zəlzələ 16,7 kilometr dərinlikdə qeydə alınıb.
Xatırladaq ki, fevralın 6-da Kahramanmaraş vilayətində baş verən 7,7 və 7,6 bal gücündə iki zəlzələ nəticəsində 41 mindən çox insan həlak olub, 108 minə yaxın insan yaralanıb.