logo

Rusiyanın Ukraynaya atdığı 36 raketdən 16-sı vurulub

13:53 16-02-2023 | icon 2128
Rusiyanın Ukraynaya atdığı 36 raketdən 16-sı vurulub

Fevralın 16-na keçən gecə Rusiya silahlı qüvvələri Ukrayna ərazisinə şiddətli raket zərbələri endirib. Ölkə ərazisinə atılmış 36 raketdən 16-sı Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.

YeniAvropa Ukrayna Hava Hücumundan Müdafiə qüvvələrinə istinadla xəbər verir ki, düşmən tərəf Ukraynaya 36 raket, o cümlədən havadan və dənizdən idarə olunan qanadlı raketlər, aviasiya və gəmi əleyhinə raketlər atıb. Bu hücumda 12 ədəd X-101/555 qanadlı raketi, 8 ədəd “Kalibr” raketi, 12 ədəd gəmi əleyhinə X-22 qanadlı raketi, 3 ədəd idarə edilən X-59/31 aviasiya raketi və 1 ədəd “Oniks” gəmi əleyhinə raket buraxılıb. Bu raketlərin atılması üçün Kursk rayonundan Tu-22M3 və Xəzər dənizi akvatoriyasından Tu-95MS strateji aviasiya təyyarələrindən, Melitopol rayonundan Su-35 taktiki aviasiya təyyarələrindən və Qara dəniz akvatoriyasından qanadlı raket daşıyıcılarından istifadə edilib.

Ukrayna silahlı qüvvələri 14 qanadlı raketi və 2 idarə olunan aviasiya raketini məhv edib.

Ukrayna hava hücumundan müdafiə qüvvələrinin məlumatında deyilir: “Təəssüf ki, X-22 qanadlı raketlərinin bir qismi hədəfə dəyib, mühüm infrastruktur obyektlərini məhv edib. Hazırda bizim arsenalımızsa bu tipli raketləri məhv etməyə imkan verən atəş vasitələrimiz yoxdur”.

Fevralın 16-na keçən gecə bütün Ukrayna ərazisində hava həyəcanı elan edilib.