logo

Azərbaycan səfiri etimadnaməsini Küveytin vəliəhdinə təqdim edib

13:35 30-11-2022 | icon 1113
Azərbaycan səfiri etimadnaməsini Küveytin vəliəhdinə təqdim edib

Azərbaycan Respublikasının səfiri Emil Kərimov etimadnaməsini Küveyt Dövlətinin Vəliəhdi Məşəl əl-Əhməd əl-Cabir əl-Sabaha təqdim edib.

YeniAvropa xəbər verir ki, Küveytin Bayan sarayında keçirilən təqdimetmə mərasimində Azərbaycanın Dövlət bayrağı yüksəldilib, Dövlət Himnimiz səsləndirilib və fəxri qarovul düzülüb.

Küveyt Dövlətinin Vəliəhdi Məşəl əl-Əhməd əl-Cabir əl-Sabah öz ölkəsində Azərbaycan Respublikasının səfirini qəbul etməkdən məmnun olduğunu bildirib. Rəsmi mərasimdən sonra keçirilmiş söhbət zamanı səfir E.Kərimov Azərbaycan Prezidenti İlham Əliyevin şəxsən Küveyt Dövlətinin Əmiri Navaf əl-Əhməd əl-Cabir əl-Sabaha, həmçinin vəliəhdi Məşəl əl-Əhməd əl-Cabir əl-Sabaha və dost Küveyt xalqına ünvanladığı salamlarını və xoş arzularını çatdırıb. O, dövlətimizin başçısının iki dost ölkə arasında əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini qeyd edib.

Vəliəhd, öz növbəsində, Prezident İlham Əliyevə xoş arzularına görə səmimi minnətdarlığını ifadə edib, həm Küveyt Dövlətinin Əmiri Nəvaf əl-Əhməd əl-Cabir əl-Sabahın, həm də şəxsən öz adından dövlətimizin başçısına salamlarını, həmçinin bütün Azərbaycan xalqına rifah və tərəqqi ilə bağlı arzularının çatdırmağı xahiş edib. O, Azərbaycanla Küveyt arasında əlaqələrin inkişafını yüksək qiymətləndirib və bu əlaqələrin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini ifadə edib. Məşəl əl-Əhməd əl-Cabir əl-Sabah ölkəmizə səfərə dəvəti qəbul etdiyini və yaxın gələcəkdə bu səfərin reallaşacağına ümidvar olduğunu bildirib.

Söhbət əsnasında iki ölkə arasında növbəti ildə keçirilməsi nəzərdə tutulan Hökumətlərarası Birgə Komissiyanın III iclası ətrafında fikir mübadiləsi aparılıb, bu tədbirlərin ölkələrimiz arasında istər siyasi, iqtisadi, istərsə də digər müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafına müsbət təsir göstərdiyi qeyd olunub. Bununla yanaşı, iki ölkə arasında qida təhlükəsizliyi, qarşılıqlı sərmayə yatırımı, iqtisadiyyat, turizm, mədəniyyət sahələrində əməkdaşlığın inkişafının vacibliyi vurğulanıb.

Azərbaycanın səfirinin etimadnaməsini Küveyt Dövlətinin Vəliəhdi Məşəl əl-Əhməd əl-Cabir əl-Sabaha təqdim etməsi ilə bağlı Küveytin rəsmi KUNA xəbərlər agentliyində, Küveyt televiziya kanallarında, ərəb dilində gündəlik nəşr edilən “Əl-Ənbə”, “Əl-Siyasə”, “Əl-Cəridə”, “Əl-Qabas”, “Əl-Ray” və ingilis dilində nəşr edilən “Arabic Times” və “Kuwait Times” qəzetlərində məlumatlar yayılıb.