logo

Özbəkistanda Türk dövlətləri XİN başçılarının iclası keçirilir

10:10 10-11-2022 | icon 1225
Özbəkistanda Türk dövlətləri XİN başçılarının iclası keçirilir

Özbəkistanın Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının 9-cu iclası başlayıb.

YeniAvropa xəbər verir ki, bu barədə TDT-dən məlumat verilib.

Bildirilib ki, toplantıda Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edir.

İki gün davam edəcək toplantıda TDT ölkələri liderlərinin zirvə toplantısının gündəliyi və imzalanacaq sənədlər müzakirə olunacaq. Eyni zamanda toplantıda təşkilatın gələcək 5 illik fəaliyyəti ilə bağlı strateji fəaliyyət planı qəbul olunacaq.

Bundan əlavə, toplantıda 2009-cu il oktyabrın 3-də TDT-nin Naxçıvanda keçirilmiş iclasından sonra qəbul olunmuş sənədə düzəlişlər edilməsi nəzərdə tutulur.

Zirvə toplantısı çərçivəsində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana "Türk Dünyasının ali medalı" və Özbəkistanın Milli medalı təqdim olunacaq.

Xatırladaq ki, TDT-yə Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstan daxildir. Türkmənistan və Macarıstan TDT-də müşahidəçi ölkə statusu ilə təmsil olunur.