logo

İlham Əliyev Füzuli rayonunda yeni istifadəyə verilmiş hərbi hissəsində olub

16:47 07-11-2022 | icon 5103
İlham Əliyev Füzuli rayonunda yeni istifadəyə verilmiş hərbi hissəsində olub

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev noyabrın 7-də Füzuli rayonu ərazisində Müdafiə Nazirliyinin yeni istifadəyə verilmiş “N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanış olub.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Ali Baş Komandan İlham Əliyevə raport verib.

Prezident İlham Əliyev hərbi şəhərciyin ərazisində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül dəstəsi qoyub, burada ağac əkib.

Daha sonra hərbi şəhərciyin qərargah binası ilə tanış olub.

Dövlət başçısı hərbçilərlə birgə foto çəkdirib, onları 8 Noyabr–Zəfər Günü münasibətilə təbrik edib.

Hərbi şəhərcikdə görülən işlər barədə məlumat verən nazir Zakir Həsənov bildirdi ki, şəxsi heyətin xidməti və məişət şəraitinin təmin edilməsi məqsədilə əsaslı təmir olunmuş hərbi şəhərcik ərazisində qərargah, yeməkxana, tibb məntəqəsi, əsgər yataqxanaları, hamam-camaşırxana, avtomobil parkı, müxtəlif təyinatlı anbarlar, eləcə də digər infrastruktur obyektləri mövcuddur. Burada döyüş hazırlığının və qoşun xidmətinin yüksək səviyyədə təşkili, döyüş əməliyyatları zamanı bölmələrin operativ idarə olunması, eləcə də digər qoşun növləri ilə qarşılıqlı əlaqənin təmin edilməsi üçün müasir kommunikasiya və informasiya vasitələri ilə təchiz olunmuş idarəetmə mərkəzi, rabitə qovşağı və digər xidməti otaqlar var.

Prezident, Ali Baş Komandan İlham Əliyev hərbi şəhərcikdə əsgər yataqxanası, əsgər yeməkxanası və idman zalı ilə tanış olub.

Diqqətə çatdırıldı ki, şəhərcikdə hərbi qulluqçular və onların ailələri üçün yeni istifadəyə verilmiş iki və üçmərtəbəli yaşayış binaları, məktəb və uşaq bağçası mövcuddur. Hərbi qulluqçuların səmərəli istirahəti üçün müasir standartlara uyğun şərait yaradılıb.

Ali Baş Komandan İlham Əliyev mənzillərdə yaradılmış şəraitlə də tanış olub.