logo

Türk dövlətləri vahid transplantologiya mərkəzi yaradacaqlar

17:27 31-10-2022 | icon 2436
Türk dövlətləri vahid transplantologiya mərkəzi yaradacaqlar

Hazırda iştirak etdiyimiz Türk Dünyası Tibb Konqresi çərçivəsində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin səhiyyə nazirləri bir araya gələrək bəzi mühüm məsələləri müzakirə etdik. Hər bir nümayəndə heyəti düşündüyü vacib məsələlərə toxunub, öz təklifini verib. Azərbaycan Respublikasının nümayəndə heyəti də bir neçə mühüm məsələ ilə bağlı öz fikrini bildirdi. Biz TDT çərçivəsində vahid türk təhsili standartının bərqərar olması və təhsildən sonrakı təlimlər təklifini irəli sürdük. Bununla bağlı müzakirələr aparıldı və ölkələr arasında ilkin razılıq əldə edildi.

YeniAvropa xəbər verir ki, bu fikirləri səhiyyə naziri Teymur Musayev İstanbulda keçirilən konqresdə Azərbaycan mediasına müsahibəsində bildirib.

Tədbirdə əczaçılıq sektorunda tibbi cihazların istehsalına dair müəyyən fikir birliyinin əldə edildiyini deyən nazir bildirib: “Ölkələr arasında vahid işçi qrupu yaradılacaq ki, bununla da istər insan kapitalı, istər elmi nailiyyətlər, istərsə də xammal imkanları baxımından ümumi bir strategiya müəyyən olunaraq növbəti beş il üçün yol xəritəsi qəbul ediləcək. Həmin yol xəritəsinə uyğun olaraq ölkələr arasında əczaçılıq sektoru üzrə mühüm addımlar atılacaq”.

Ölkəmizin tədbirdə toxunduğu digər məsələlər barədə danışan nazir deyib: “TDT-yə üzv ölkələrində orqan köçürülməsi müxtəlif inkişaf səviyyəsindədir. “Avrotransplant” adlanan təşkilata paralel olaraq Türk Dövlətləri Təşkilatı çərçivəsində “Türktransplant”- vahid transplantasiya məkanının yaradılması təklifini irəli sürdük. Bununla bağlı Azərbaycan tərəfindən verilən təklif ölkələr tərəfindən qəbul edildi və müzakirələr başlayıb. TDT-yə üzv ölkələrin ümumi əhali sayı 170 milyondan artıqdır. Bu baxımdan orqan donorluğu ilə bağlı vahid platformanın yaradılması orqan köçürülməsinə ehtiyacı olan insanların gözləmə siyahısı əhəmiyyətli dərəcədə qısalacaq və həmin məkanda transplantologiya üzrə vahid yüksəkkeyfiyyətli xidmətlər göstəriləcək. Artıq Səhiyyə Nazirliyi tərəfindən transplantologiya üzrə koordinasiya mərkəzi yaradılıb, müxtəlif ölkələrin təcrübəsi öyrənilib. Həmin təcrübəyə əsasən, Azərbaycana uyğun format yaradılıb və demək olar ki, qeyri-rəsmi açılışı artıq baş tutub. Bu istiqamətdə bir neçə komissiya fəaliyyət göstərir ki, bunlar da hər bir orqanı ayrı-ayrılıqda əhatə edir”.