logo

Qazax rayon Mərkəzi Xəstəxanasında yeni doğulmuş uşağın ölümü ilə bağlı cinayət işi başlanılıb

12:32 22-10-2022 | icon 3563
Qazax rayon Mərkəzi Xəstəxanasında yeni doğulmuş uşağın ölümü ilə bağlı cinayət işi başlanılıb

Qazax rayon sakini Könül Şabanovanın 2022-ci il iyunun 19-da “Qazax rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin doğum şöbəsində doğduğu yenidoğulmuş uşağının ölməsi faktı ilə bağlı Qazax rayon Prokurorluğunda araşdırma aparılıb.

Rayon prokurorluğundan YeniAvropa-ya verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyənləşdirilib ki, həmin xəstəxananın həkimləri tərəfindən tibbi yardım tam həcmdə göstərilməyib, doğuşdan öncə zəruri olan müayinələr, doğuş zamanı dölün vəziyyətinin düzgün müəyyən edilməsi üçün tədbirlər icra edilməyib, həmçinin doğuşa həkim-neonatoloq dəvət edilməyib. Qeyd olunan səbəblərdən yenidoğulmuşun real vəziyyəti düzgün qiymətləndirilməyib və ilkin mərhələdə zəruri olan tibbi yardımların gecikdirilməsi nəticəsində yeni doğulmuş uşaq ölüb.

Faktla bağlı Qazax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam edir.