Bakıda keçirilən “Jara-2018” beynəlxalq musiqi festivalını izləyən qonaqlar arasında Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov və onun xanımı Tatyana navka da yer alıb.
YeniAvropa xəbər verir ki, Dmitri Peskov jurnalistlərlə söhbətində Bakıda dəfələrlə rəsmi səfərdə olsa da, ilk dəfədir, buraya məzuniyyət vaxtında gəldiyini deyib: “Bu, xoşbəxtlikdir. Bakı gözəl şəhərdir”.
“Jara” festivalı ilə bağlı təəssüratlarını bölüşən Dmitri Peskov rusiyalı müğənnilərin Bakıya, ecazkar Azərbaycana gəlmələrini çox gözəl təşəbbüs kimi dəyərləndirərək deyib: “Azərbaycan tarixən gözəl, çoxmillətli, bizim estradanın çox sevildiyi bir ölkədir. Bizim artistlər buraya böyük məmnuniyyətlə gəlirlər. Buna görə də bu, çox əladır. Bu, olduqca gözəl təşəbbüsdür. Çünki Azərbaycan möhtəşəm ölkədir, Bakı füsunkar şəhərdir. Bizim Rusiyanın ulduzları, buraya hətta bir neçə günlük belə, böyük həvəslə gəlirlər və çox zəngin təəssüratla qayıdırlar. Deməli, biz bir-birimizi unutmuruq. Müasir dünyada bu, çox vacibdir”.