logo

Azərbaycan jurnalistlərinin VIII qurultayı keçirilib

15:55 24-09-2022 | icon 812
Azərbaycan jurnalistlərinin VIII qurultayı keçirilib

Sentyabrın 24-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan jurnalistlərinin VIII qurultayı keçirilib.

YeniAvropa xəbər verir ki, qurultayda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən şəhidlərin, həmçinin peşə fəaliyyətini yerinə yetirərkən Kəlbəcərin Susuzluq kəndində minanın partlaması nəticəsində həlak olan jurnalistlər AZƏRTAC-ın aparıcı müxbiri Məhərrəm İbrahimovun və Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun, eyni zamanda, əvvəlki qurultaydan ötən dövr ərzində dünyasını dəyişmiş digər jurnalistlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycan Mətbuat Şurası sədrinin müavini Umud Rəhimoğlu jurnalistlərin VIII qurultayının iştirakçılarının prezident İlham Əliyevə müraciətini oxuyub.

Sonra qurultayın gündəliyi səsə qoyularaq qəbul edilib.

Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan jurnalistlərinin VII qurultayından ötən dövrdə görülən işlərlə bağlı hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, Azərbaycan jurnalistlərinin VII qurultayından bu günədək Şuraya ümumilikdə 1615 şikayət daxil olub. İlkin mərhələdə baxılan 1615 məsələdən 963-ü katiblikdə həllini tapıb, tərəflər arasında anlaşma əldə olunub. Digər 652 halda şikayətçi və cavabdeh tərəf arasında razılığa gəlinmədiyindən məsələlər və onlarla bağlı toplanmış materiallar baxılmaq üçün Şuranın müvafiq komissiyalarına göndərilib. Şikayətlər üzrə komissiyada baxılan 652 məsələdən 520-si komissiya səviyyəsində həllini tapıb, digər 132 məsələ barədə çıxarılan rəylər qərar qəbulu üçün idarə heyətinə təqdim edilib.

Daha sonra nəzarət-təftiş komissiyasının hesabatı dinlənilib, məruzələr ətrafında müzakirələr aparılıb.

APA Media Qrupunun baş direktoru Vüsalə Mahirqızı, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət, “Editor.az” informasiya portalının rəhbəri Fərid Şahbazlı, “Yeni Çağ” Media Qrupundan Aqil Fərəcov, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Yadigar Məmmədli, “AzNews.az” analitik-informasiya portalının baş redaktoru Taleh Şahsuvarlı, “Femida” qəzetinin baş redaktoru Etibar Poladlı, “Minadan Zərərçəkənlərin Assosiasiyası” İctimai Birliyinin sədri Rey Kərimoğlu, “Police.az” saytından Şəmsəddin Əliyev, "Kredo" qəzetinin baş redaktoru Əli Rza Xələfli, “Veteninfo.az” informasiya agentliyinin baş redaktoru Nahid Canbaxışlı, “Zaqatala” qəzetinin redaktoru İbrahim İbrahimov, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, "Türkel" qəzetinin baş redaktoru Ramiz Məşədihəsənli, Azərbaycanın Əməkdar jurnalisti Rəhman Orxan, Milli Məclisin deputatı Aqil Abbas, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Aran” qəzetinin baş redaktoru Məhsəti Ağayeva, “Kür” qəzetinin baş redaktoru Əminə Yusifqızı, “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay və başqaları tədbirdə çıxış ediblər. Çıxışlarda Mətbuat Şurasının fəaliyyəti ilə bağlı fikirlər bildirilib, qarşıdakı dövrdə həyata keçiriləcək işlərlə bağlı bir sıra təkliflər irəli sürülüb. Vurğulanıb ki, Şura yarandığı gündən jurnalistlərin peşə fəaliyyətlərində qanunvericiliyin tələblərinə, peşə prinsiplərinə əməl etmələrinə ictimai nəzarəti həyata keçirib, dövlət orqanları və ictimaiyyətlə mətbuat arasında əlaqənin və etimadın möhkəmləndirilməsi, söz, fikir və məlumat azadlığına daha geniş imkanlar yaradılmasına kömək göstərib. Həmçinin media vasitələrinin fəaliyyət sahələrində baş verən münaqişələrin məhkəməyəqədər həlli variantlarının araşdırılmasını, redaksiya əməkdaşlarının davranışı ilə əlaqədar verilmiş şikayətlərin qəbulunu, öyrənilməsini və bununla bağlı qərarların çıxarılmasını həyata keçirib. Ümumilikdə Şuranın gördüyü işlər qənaətbəxş hesab edilib.

Mətbuat Şurası sədrinin müavini Müşviq Ələsgərli Şuranın Nizamnaməsində ediləcək dəyişikliklərlə bağlı məlumat verib.

Qurultayda Azərbaycan Mətbuat Şurasının Nizamnaməsinə əlavə və dəyişiklik edilib. “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları” “Azərbaycan Jurnalistlərinin Etik Davranış Kodeksi” olaraq dəyişdirilib. Eyni zamanda, Nizamnaməyə “Gender bərabərliyi və ayrı-seçkiliyə yol verilməməsi prinsipinin müdafiəsi” prinsipi əlavə olunub.

Tədbirdə, həmçinin Mətbuat Şurasının nəzarət-təftiş komissiyasının və İdarə Heyəti üzvlərinin müəyyənləşdirilməsi ilə bağlı seçki keçirilib. Səsvermənin nəticələrinə əsasən, Mətbuat Şurasının 5 nəfərdən ibarət nəzarət-təftiş komissiyası, 14 jurnalistdən və 9 ictimaiyyət nümayəndəsindən ibarət olmaqla, 23 nəfərlik İdarə Heyəti formalaşıb.

Azərbaycan jurnalistlərinin VIII qurultayı çərçivəsində baş tutan səsvermədə "525-ci qəzet"in baş redaktoru, şair, publisist Rəşad Məcid Mətbuat Şurasının sədri seçilib.

Sonda qurultayın qətnaməsi səsə qoyularaq qəbul olunub.

Bununla da jurnalistlərin VIII qurultayı başa çatıb.

Qeyd edək ki, qurultayda Mətbuat Şurasına üzv 163 təşkilatdan 213 nümayəndə iştirak edib.