logo

İlham Əliyev Səmərqənddə Çinin lideri Si Cinpinlə görüşüb

19:59 15-09-2022 | icon 588
İlham Əliyev Səmərqənddə Çinin lideri Si Cinpinlə görüşüb

Sentyabrın 15-də Səmərqənddə Azərbaycan prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının sədri Si Cinpin ilə görüşü olub.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Görüşdə sədr Si Cinpin Azərbaycan ilə Çin arasında diplomatik münasibətlərin qurulmasının, həmçinin Yeni Azərbaycan Partiyasının yaradılmasının otuz illiyi münasibətilə prezident İlham Əliyevə təbriklərini çatdırıb. Dövlət başçısı bildirib ki, Azərbaycan ilə Çin arasında əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır və yüksək səviyyədə inkişaf edir. “Sizin Azərbaycan ilə Çin arasında əlaqələrin inkişafına mühüm əhəmiyyət verməyinizi çox yüksək qiymətləndiririk. Biz əlaqələrimizin strateji səviyyədə hərtərəfli inkişafını dəstəkləyirik”, - deyə Si Cinpin bildirib.

Prezident İlham Əliyev Çinin lideri Si Cinpin ilə görüşdən çox məmnun olduğunu və əvvəlki görüşlərini məmnuniyyətlə xatırladığını, xüsusilə 2019-cu ildə “Bir kəmər, bir yol” Forumunda iştirak etmək üçün Çin Xalq Respublikasına səfərini yüksək qiymətləndirdiyini vurğulayıb. O, Azərbaycan ilə Çin arasındakı münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını, ölkələrimizin bir çox sahələrdə uğurla əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

Yeni Azərbaycan Partiyasının yaranmasının otuz illiyi münasibətilə təbriklərə görə Si Cinpinə təşəkkürünü bildirən prezident İlham Əliyev iki ölkənin hakim partiyaları arasında çox yaxşı əlaqələrin olduğunu qeyd edib. Azərbaycan-Çin diplomatik əlaqələrinin otuz illiyinin uğurlu nəticələrlə qeyd olunduğunu vurğulayan dövlət başçısı ölkələrimiz arasında bütün sahələrdə çox faydalı və səmərəli əməkdaşlığın qurulduğunu deyib.

Söhbət zamanı ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı, ticarət dövriyyəsinin artırılması, investisiyaların təşviqi, enerji, kənd təsərrüfatı, nəqliyyat, logistika, elektron ticarət, avtomobil daşımaları və digər sahələrdə əməkdaşlıq üçün böyük perspektivlərin olduğu vurğulandı, tələbə mübadiləsinin artırılmasının, ölkələrimizin şəhərləri arasında birbaşa əlaqələrin qurulmasının vacibliyi qeyd edilib.

Sonda dövlət başçıları əlaqələrimizin dərinləşdirilməsi və daha da inkişafı üçün birgə səylərin bundan sonra da davam etdiriləcəyini bildiriblər.