Avqustun 23-də elm və təhsil naziri Emin Əmrullayevin brifinqi keçirilib.
YeniAvropa xəbər verir ki, brifinqdə elm və təhsil naziri Emin Əmrullayev əvvəlcə bəzi təhsil işçilərinin vəzifə maaşlarına aylıq əlavələrin təyin edilməsi barədə yeni qərara dair geniş təqdimatla çıxış edib. Ümumi təhsil müəssisələrinin rəhbər şəxslərinin vəzifə maaşlarına əlavələrin təyin edilməsinin mahiyyətindən danışan Emin Əmrullayev deyib ki, sözügedən qərar təxminən 865 direktor, 2343 direktor müavinini əhatə edir.
Sertifikatlaşmadan keçən müəllimlərin vəzifə maaşlarına əlavələrdən də söz açan elm və təhsil naziri qeyd edib ki, sertifikasiya ilə bağlı həvəsləndirmə tədbiri olaraq keçid balı toplamış müəllimlərin əməkhaqqına 10 faiz, 50-dən yuxarı bal toplayan müəllimlərin əməkhaqqına isə 35 faiz əlavə ödəniləcək. Nazirin sözlərinə görə, sertifikatlaşma hazırda işləyən müəllimlərin peşəkar səviyyəsinin müəyyən olunmasına xidmət edir.
Elm və təhsil naziri, həmçinin müəllimlərin işə qəbulu prosesi, 2022-2026-cı illər üzrə xaricdə təhsil üçün Dövlət Proqramı, Elm və Təhsil Nazirliyinin əsas fəaliyyət istiqamətləri barədə məlumat verib.