logo

Yasamalda törədilən qətlin üstü 9 il sonra açıldı

15:15 24-05-2022 | icon 2814
Yasamalda törədilən qətlin üstü 9 il sonra açıldı

Əvvəlki illərdən bağlı qalmış daha bir ağır cinayətin üstü prokurorluq və polis əməkdaşlarının birlikdə peşəkarlıqla həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində açılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən  YeniAvropa-ya bildirilib ki, 2013-cü il martın 30-da paytaxtın Yasamal rayonu ərazisində İsmayıl Zeynalovun üzərində zorakılıq əlamətləri olan meyitinin aşkarlanması ilə bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Həyata keçirilmiş istintaq və əməliyyat tədbirlərinə baxmayaraq, cinayət törətmiş şəxs və ya şəxsləri müəyyənləşdirmək mümkün olmadığından 2019-cu il aprelin 23-də cinayət işinin icraatı dayandırılıb.

Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən cinayət işi yenidən öyrənildikdən sonra icraat təzələnib. Həyata keçirilmiş çoxsaylı intensiv istintaq-əməliyyat tədbirləri nəticəsində əldə edilmiş sübutlarla müəyyən olunub ki, Bakı şəhər sakini Zaur Sadıxov 2013-cü il martın 29-da saat 21 radələrində tanışı İsmayıl Zeynalovla narkotik vasitələrin satışı ilə məşğul olan Alik Bədirovun yaşadığı ünvanda narkotik vasitə qəbul etdikdən sonra evə qayıdarkən avtomobildə aralarında mübahisə baş verib. Zaur Sadıxov avtomobili yolda saxlayaraq maşından enməyə çalışan İsmayıl Zeynalova yaxınlaşıb onun bədəninin müxtəlif nahiyələrinə təpiklə zərbələr vurub əlləri ilə onu boğaraq öldürüb, daha sonra narkotik vasitənin doza həddini aşması səbəbi ilə ölməsi görüntüsünü yaratmaq üçün onu küçədə səki üstünə sürüyüb uzanıqlı formada orada qoyaraq hadisə yerindən uzaqlaşıb. O, törətdiyi cinayətin izlərini itirmək məqsədilə İsmayıl Zeynalova məxsus mobil telefonu və köynəyi istintaqla müəyyən edilməyən yerlərə atıb.

Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması daim diqqət mərkəzində saxlanılmaqla bu istiqamətdə digər hüquq-mühafizə orqanları ilə birgə işlər davam etdirilir.