logo

İsveç və Finlandiya nümayəndələri NATO-ya üzvlüklə bağlı Türkiyəyə səfərə gəlir

12:12 24-05-2022 | icon 3283
İsveç və Finlandiya nümayəndələri NATO-ya üzvlüklə bağlı Türkiyəyə səfərə gəlir

İsveç və Finlandiya nümayəndə heyətləri NATO-ya üzvlük məsələsini Türkiyə tərəfi ilə müzakirə etmək üçün bu gün Ankaraya gələcək.

YeniAvropa "A Haber" telekanalına istinadla xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın nümayəndəsi İbrahim Kalın və xarici işlər nazirinin müavini Sedat Önal hər iki Skandinaviya ölkəsinin nümayəndə heyəti ilə görüşəcək. Görüşlər mayın 25-də prezident sarayında və respublikanın Xarici İşlər Nazirliyində baş tutacaq.

Xatırladaq ki, bir müddət öncə Finlandiya və İsveçin NATO-dakı səfirləri Klaus Korhonen və Aksel Vernhoff ölkələrinin Şimali Atlantika Blokuna qoşulması üçün alyansın baş katibi Yens Stoltenberqə rəsmi ərizə təqdim ediblər. Lakin indiki halda Türkiyə onların alyansa daxil olmasının əleyhinədir. Türkiyə prezidentinin sözlərinə görə, bu ölkələr terrorçuları himayə edir.

NATO-ya yeni üzvün qəbul olunması çoxmərhələli prosesdir. Buna alyansda siyasi qərarlar verən Şimali Atlantika Şurası nəzarət edir. Üzvlüyə dair müraciətə əvvəlcə şurada baxılır, sonra isə müvafiq müqavilə alyansın bütün 30 üzv ölkəsi tərəfindən ratifikasiya olunur.