Aprelin 30-da Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Bakı şəhərinin Nəsimi, Nərimanov rayonlarında, Naxçıvan Muxtar Respublikasında, Bərdə, Cəlilabad (II hissə), Daşkəsən, Gədəbəy, Göyçay, Göygöl, Qazax, Lerik, Sabirabad, Xaçmaz (II hissə) rayonlarında, Şəki şəhərində ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilir.
DİM-dən YeniAvropa-ya bildirilib ki, imtahan saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahanda 24 min 864 şagirdin iştirakı nəzərdə tutulur.
İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 107 imtahan binası, 1919 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 107 ümumi imtahan rəhbəri, 317 imtahan rəhbəri, 2345 nəzarətçi-müəllim, 231 buraxılış rejimi əməkdaşı (mühafizə), 107 bina nümayəndəsi cəlb edilib.
İmtahanda 9 nəfər fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında ayrıca zallar ayrılıb, gözdən əlillər üçün tapşırıqların oxunması, cavab vərəqinin doldurulması və s. işlər üçün fərdi nəzarətçilər təyin edilib. Eşitmə əngəlli şagirdlər üçün onların dinləmə ilə bağlı qüsurları nəzərə alınaraq xüsusi test kitabçaları hazırlanıb. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və rahat şəkildə hərəkəti üçün də xüsusi şərait yaradılıb.