Slovakiyanın keçmiş daxili işlər naziri Robert Kalinak həbs edilib.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin təmsilçisi Mixal Slivka TASR agentliyinə məlumat verib. O bildirib ki, uzun illər Slovakiyanın Baş naziri olmuş Robert Fitso və keçmiş daxili işlər naziri R. Kalinak cinayətkar dəstə yaratmaq və başçılıq etməkdə ittiham olunurlar. Cinayətkarlığa qarşı Mübarizə üzrə Milli Agentlik (NAKA) hər iki şəxsə qarşı cinayət işi açıb, sonuncu barədə isə həbs qətimkan tədbiri seçilib.
R. Fitso hazırda parlament üzvü olduğuna görə immunitetə malikdir və onun cinayət təqibi və həbsi üçün parlament tərəfindən deputat mandatından məhrum edilməlidir.
Cinayətkar qrupa rəhbərlik ittihamı ilə yanaşı, hər iki müxalifət siyasətçisi vergi məlumatlarının məxfiliyinin pozulması və korrupsiya cinayətlərində iştirakda təqsirləndirilirlər.
Qeyd edilməlidir ki, R. Fitso və R. Kalinak 2006-cı ildən ümumilikdə üç hökumətdə müvafiq olaraq baş nazir və daxili işlər naziri vəzifələrində çalışıblar. Slovakiya Sosial-Demokratlar Partiyasına (SMER) mənsub olan siyasətçilər 2018-ci ildə araşdırmaçı jurnalist Yan Kuçiakın qətlindən sonra əhalinin kütləvi etirazları nəticəsində istefa verməyə məcbur olmuşdular.