Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları üzərilərində və yaşadıqları evlərdə qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxslərə qarşı əməliyyatlar həyata keçiriblər.
DİN-in mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, daxil olan əməliyyat məlumatı əsasında Bakı və Sumqayıt şəhərlərində, eləcə də Qəbələ rayonunda keçirilən tədbirlər zamanı Elvin Kərimov, Rüstəm Kərimov, Akif Abzərov, Vüsal Cəfərov və Aslan Hüseynov tutulublar. Elvin Kərimovdan bir ədəd “TT” markalı tapança 8 ədəd patron, bir ədəd daraq, Rüstəm Kərimovdan isə iki ədəd müvafiq sənədləri olmayan “TOZ” və “İJ” markalı tüfəng, həmin silahlara məxsus 43 ədəd patron aşkarlanıb. Sumqayıt şəhərində keçirilən tədbir zamanı saxlanılan Aslan Hüseynovdan bir ədəd “Naqan” markalı tapança və iki ədəd patron aşkarlanaraq götürülüb.
Həyata keçirilən əməliyyatlar zamanı saxlanılan Akif Abzərovdan isə “Brauning” konstruksiyalı tapança, 9 ədəd patron, 1 ədəd daraq, Vüsal Cəfərovdan isə 1 ədəd “Kalaşnikov” markalı avtomat, həmin silaha məxsus daraq və 27 ədəd patron aşkar olunub.
Qeyd olunan faktlarla əlaqədar saxlanılanların hər biri barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Həmin şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib.
Saxlanılanların cinayət əlaqələrinin aşkarlanması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.