logo

Yol Polisi sürücülərə xəbərdarlıq etdi

19:20 11-04-2022 | icon 1722
Yol Polisi sürücülərə xəbərdarlıq etdi

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hazırda ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar görünüş məsafəsinin məhdudlaşması ilə bağlı verdiyi məlumata görə, hərəkət iştirakçılarına xəbərdarlıq edib.

İdarədən YeniAvropa-ya bildirilib ki, xüsusilə gecə və səhər saatlarında temperatur inversiyasının əmələ gətirdiyi qatı duman səbəbindən magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 50-500 metrədək məhdudlaşması ehtimal olunur. Bu da sürücülər üçün bir sıra çətinliklər yarada bilər.

Qatı duman digər hərəkət iştirakçılarının, habelə yol nişanlarının, nişanlama xətlərinin, ümumiyyətlə nizamlama vasitələrinin vaxtında və aydın görünməsinə ciddi maneə yaratdığı üçün sürücülərdən belə havalarda daha diqqətli olmaq, sürət həddini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına əmin olmaq, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək tələb olunur.

Piyadalar da dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını görməkdə çətinlik çəkdiklərini nəzərə almalı, belə havalarda yola çıxarkən məsuliyyət hissini unutmamalıdırlar.