Hazırda ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraiti inversiya xarakterlidir. Ölkə ərazisinin bəzi bölgələrində, o cümlədən Bakıda görmə məsafəsi 200-800 metr, Astara rayonunda isə 50 metrədək məhdudlaşıb.
YeniAvropa xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
“Mövcud sinoptik şərait temperatur inversiyasının yaranmasına səbəb olub. Gecə və səhər saatlarında nisbətən soyuq hava kütləsinin isti havanı sıxaraq yuxarı təbəqələrə qaldırması nəticəsində yerüstü təbəqədə temperatur yuxarı təbəqəyə nisbətən aşağı olub. Yaranan inversiya qatı dumanın əmələ gəlməsinə şərait yaradıb”, - deyə G.Məmmədova bildirib.
G.Məmmədova qeyd edib ki, ölkə ərazisində dumanlı hava şəraiti aprelin 13-dək əsasən gecə və səhər saatlarında fasilələrlə davam edəcək. Magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsi 50-500 metrədək məhdudlaşacaq: "Aprelin 12-dən 13-nə keçən gecə cənub-şərq küləyinin şimal küləyi ilə əvəzlənəcəyi və arabir güclənəcəyi gözlənilir ki, bu da duman ehtimalını azaldır”.