logo

İstehlakçılara plastik və polietilen qablaşdırmadan istifadənin azaldılması vərdişləri aşılanır

15:20 14-03-2022 | icon 1449
İstehlakçılara plastik və polietilen qablaşdırmadan istifadənin azaldılması vərdişləri aşılanır

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə,«Ekoloq-2010» Ekoloji Maarifləndirmə İctimai Birliyi(EMİB)  tərəfindən həyata keçirilən “Vətəndaşlarda plastik və polietilen qablaşdırmadan istifadənin azaldılması vərdişlərinin aşılanması” layihəsinin icrasına start verilib.

“YeniAvropa ” xəbər verir ki, EMİB-dən verilən məlumatda bildirilib ki, 4 ay müddətində icra olunacaq layihənin əsas məqsədi istehlakçılarda plastik və polietilen qablaşdırmadan istifadənin azaldılması vərdişlərinin aşılanmasıdır.

Belə ki, araşdırmalarla təsdiq edilib ki, dünya ölkələri üzrə plastik və polietilen tullantıların yalnız 20 faizi təkrar emal olunur. Qalan  hissə kortəbii surətdə  ətraf mühütə atılır ki, bu da  sonradan fauna və floraya çox ciddi zərər vurur. Sübut olunub ki, insan orqanizminə zərərli maddələrin 80 faizi məhz plastik tullantılar vasitəsi ilə daxil olur. Odur ki, bərk məişət tullantılarının düzgün emalı  bu gün dünya dövlətlərini narahat edən ən mühüm məsələlərdəndir.Döğrudur, Azərbaycan  hökuməti tərəfindən də bu istiqamətdə müəyyən qərarlar qəbul edilib, bəzi tədbirlər həyata keçirilib.  Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 7 fevral tarixli Sərəncamı ilə  “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019–2020-ci illər üçün Tədbirlər Planı”  təsdiq edilib.  Ardınca isə  Azərbaycan Respublikasının Milli Məclisi  “Ətraf mühitin mühafizəsi haqqında” qanuna dəyişiklik edərək  2021-ci il yanvarın 1-dən etibarən qalınlığı 15 mikronadək olan polietilen torbaların, iyulun 1-dən isə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik çəngəl, qaşıq, bıçaq, qarışdırıcı çubuq, boşqab və stəkanların sahibkarlar tərəfindən istehsalı və idxalı, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılması və ya xidmət zamanı istifadəsini qadağan edib. Ötən müddət ərzində  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, eləsə də İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin dəfələrlə  xəbərdarlıq  etməsinə  baxmayaraq, bu sahədə hər hansı ciddi irəliləyişə nail olunmayıb. Bütün ticarət və ictimai iaşə obyektlərində  istehlakçılara polietilen torbalar və plastik qablar satılmaqdadır.  Baxmayaraq ki, qanunvericiliyin tələblərinə riayət olunmamasına görə ciddi məsuliyyət tədbirləri ( inzibati xətanın predmeti olan plastik materiallar müsadirə edilməklə, vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər isə 3000 manatdan 4000 manatadək cərimə  olunurlar) nəzərdə tutulur.

Görünən odur ki, vətəndaşların  bu sahədə maariflıəndirilməsinə  çox böyük ehtiyac duyulur. Söhbət burada hansısa sahibkarın, yaxud iş adamının varlanmasının qarşısını almaqdan  getmir. Burada söhbət  ilk növbədə insan sağlamlığndan, gələcək üçün sağlam nəsil yetişdirməkdən, eləcə də  təbiətə vurulan bərpaolunmaz zərərin qarşısını vaxtında almaqdan gedir.

 «Ekoloq-2010» EMİB də sözügedən layihəni icra etməklə bu sahədəki boşluqları aradan qaldırmaq, vətəndaşları da çox maarifləndirməyi qarşısına məqsəd qoyub.

92

Layihə Bakı şəhərində icra olunacaq. Məlumdur ki, Bakı şəhəri ölkənin paytaxtı olmaqla yanaşı,həm də bir meqapolisdir. Ölkə əhalisinin təqribən yarısı, demək olar ki, bu şəhərdə yaşayır və çalışır.  İri supermarketlər, mağazalar şəbəkəsinin böyük əksəriyyəti məhz bu şəhərdə cəmləşib. Gün ərzində həmin mağaza və supermarketlərdə istehlakçılara tonlarla polietilen torbalar və plastik qablar təqdim olunur. Paytaxt əhalisinin  bu sahədə daha çox maarrifləndirilməsi  bölgələrdə yaşayan vətəndaşlara da öz müsbət təsirini göstərə bilər. Odur ki,layihə çərçivəsində  EMİB tərəfindən hazırlanan parça bazarlıq torbaları paytaxtdakı iri supermarket və mağazalar şəbəkələrində  istehlakçılara pulsuz olaraq paylanılacaq, onlarla  söhbətlər aparılacaq,  gələcəkdə alış-veriş zamanı polietilen torbalardan deyil, məhz ekoloji təmiz parça torbalardan  istifadə edilməsinin zəruriliyi təlqin ediləcək.

91

Sözsüz ki, sahəvi internet resursunun mövcudluğu da bu sahədə müəyyən irəliləyişlərə  səbəb ola bilər. Nəzərə alsaq ki, Bakı beynəlmiləl şəhərdir, paytaxtda rusdilli əhalinin sayı kifayət qədər yüksəkdir, mövcud “Ecosfera.az” informasiya portalının rus dili versiyasının hazırlamasının da paytaxt sakinlərinin maarifləndirilməsi işinə  daha çox   töhfə  vermiş olacağı gözlənilir.