logo

Paytaxt sakini 20 velosiped oğurladıqdan sonra yaxalandı

11:44 08-04-2022 | icon 1736
Paytaxt sakini 20 velosiped oğurladıqdan sonra yaxalandı

Paytaxt sakini olan bir nəfər Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsinə müraciət edərək bildirib ki, ona məxsus dəyəri 1200 manat olan velosiped yaşadığı binanın dəhlizindən oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin hadisəni törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş Tofiq Mürsəlov saxlanılıb.

Araşdırma zamanı onun Binəqədi rayonunda daha 19 vətəndaşa məxsus velosipedi oğurladığı müəyyənləşdirilib. O, oğurladığı velosipedlərin bir neçəsini paytaxt ərazisindəki ticarət mərkəzlərindən birində satıb.

Saxlanılan şəxs barəsində 5-ci polis bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün rayon polis idarəsinin istintaq şöbəsinə göndərilib. Zəruri istintaq tədbirləri davam etdirilir.

Tofiq Mürsəlovun digər cinayət əlaqələrinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.