Ağdaban faciəsindən 30 il ötür
Ermənilərin son iki əsrlik tarixi əzəli torpaqlarında məskunlaşdırıldıqları bir xalqa, yəni, Cənubi Qafqazın yerli türk (azərbaycanlı)-müsəlman əhalisinə qarşı kütləvi qətl, qırğın, deportasiya və soyqırımları tarixi ilə səciyyələnir. Əsas məqsədi bu cür vasitələrlə Cənubi Qafqazın demoqrafik vəziyyətini dəyişdirmək, bölgədən yerli türk (azərbaycanlı)-müsəlman amilini sıxışdırıb çıxarmaq, onun tarixini yox etmək, həmin xalqın yaratdığı bütün maddi və mənəvi irsi mənimsəməklə özlərini bu bölgənin qədim tarixə və mədəniyyətə malik bir xalqı olduğunu sübut etməkdən ibarət bu cür siyasət çox təəssüflər olsun ki, müəyyən dövrlərdə bölgədə özünün siyasi maraqlarını təmin etməyə çalışan imperiyalar tərəfindən də dəstəklənmişdir.
XX əsrin 90-cı illərinin əvvəlində sovet imperiyasının rəhbərliyində siyasi böhranın kəskinləşməsi 1991-ci ilin avqustunda baş vermiş dövlət çevrilişinə cəhd ittifaqa daxil olan respublikalarda vəziyyəti kökündən dəyişdi. Moskva regionlar üzərində nəzarəti itirdi. İmperiyadan qurtulmağa çalışan xalqın tələbi ilə 1991-ci il avqustun 30-da Azərbaycan Respublikası Ali Sovetinin növbədənkənar sessiyasında respublikanın dövlət müstəqilliyinin bərpa edilməsi haqqında bəyannamə qəbul edildi.
Bu hadisələr dövründə imperiyanın Dağlıq Qarabağdakı hərbi qüvvələri idarəolunmaz vəziyyətə düşdülər. Bundan istifadə edən Ermənistan Dağlıq Qarabağda geniş separatçılıq, işğalçılıq fəaliyyətinə başladı və sentyabrın 2-də burada “Dağlıq Qarabağ respublikası” deyilən qurumun yaradıldığını elan etdi.
1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nı qəbul etməsi ilə Dağlıq Qarabağ münaqişəsi daha da kəskinləşdi.
1991-ci il noyabrın 20-də Yuxarı Qarabağda Xocavəndin düşmən tərəfindən ələ keçirilib vandalizmə məruz qalması ilə əlaqədar olaraq vəziyyətlə yerində tanış olmaq üçün respublikanın bir neçə yüksək vəzifəli şəxsini, o cümlədən dövlət katibini, daxili işlər nazirini, baş prokurorunu, habelə SSRİ Müdafiə Nazirliyinin nümayəndələrini, Rusiya və Qazaxıstan müşahidəçilərini Ağdama gətirən “Mi-8” helikopteri Qarakənd yaxınlığında vuruldu. Bu hadisə respublikada siyasi vəziyyəti daha da gərginləşdirdi.
1991-ci il noyabr ayının 26-da Azərbaycan parlamenti Ermənistanın Dağlıq Qarabağın “müstəqilliyi” ilə manipulyasiya etməsinə cavab olaraq “Azərbaycan və erməni xalqları arasında milli ədavət yaratmaq və dərinləşdirmək amili kimi “Dağlıq Qarabağın vilayət statusunu ləğv edən qanun qəbul etdi.
Dekabrın 8-də Dağlıq Qarabağ erməniləri öz “müstəqil”liklərinə dair referendum keçirərək səs çoxluğu ilə nəticə əldə etdilər. Lakin Azərbaycan əhalisi buna etiraz edərək referendumun nəticələrini qəbul etmədi.
Danışıqlar və dinc etiraz yolu ilə problemin həllinə heç bir ümid qalmadı. Belə bir şəraitdə Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 9-da “Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında” Qanun qəbul etdi. Yeni təşkil olunmuş ordunun ilk hissələri dekabrın 8-də cəbhəyə yola salındı. İlk vaxtlar könüllülük əsasında qurulan, təcrübəli hərbçiləri az olan orduda ciddi nizam-intizam yaratmaq çox çətin idi. Bəzi ictimai təşkilatların, məsələn, Azərbaycan Xalq Cəbhəsinin, hətta ayrı-ayrı şəxslərin hərbi dəstələri vardı. Hərb sənətini mükəmməl bilən kadrlara ehtiyac var idi. Baş qərargahın işi düzgün koordinasiya edilməmişdi. Güclü informasiya axınına yol verilirdi. Orduda korrupsiya baş alıb gedirdi. Hərbi hissələrdən silah, sursat, yanacaq oğurlanır, hətta düşmənə satılırdı. Vəziyyət o həddə çatmışdı ki, yerli əhali hesabına özünümüdafiə batalyonları təşkil edilirdi. Oktyabrdan başlanan bu proses noyabrın 19-da sənədləşdirildi. 22 rayon və şəhər özünümüdafiə batalyonunun yaradılması haqqında əmr verildi. Bu qüvvələr müvəqqəti hesab olunurdu və sonradan ordu hissələri çağırışçılar hesabına komplektləşdiriləndə könüllülər tədricən ehtiyata buraxılacaqdı. Özünümüdafiə batalyonlarının komandirləri, onların müavinləri rayonların hərbi komissarları tərəfindən seçilir, icra hakimiyyəti başçılarının razılığı ilə təyin edilir və Müdafiə Nazirliyinə təqdim olunurdu. Bu batalyonların komandirləri Müdafiə Nazirliyinin səlahiyyətli nümayəndələri idi. Bu da rəhbərlikdə ikili tabelik kimi yolverilməz bir vəziyyət yaradırdı. Batalyonların təchizatında, səfərbərlikdə ciddi qüsurlara yol verilirdi. Yerli imkanlar hesabına saxlanılan batalyonların silahlanması, hərbi işə yaxşı bələd olan zabitlərlə təchizi pis vəziyyətdə idi. İkili tabelik də onların fəaliyyətinə mənfi təsir göstərirdi. Müdafiə nazirlərinin tez-tez dəyişdirilməsi ordu quruculuğuna ağır zərbə vururdu.
Belə bir vəziyyətdən məharətlə istifadə edən erməni hərbi birləşmələri əvvəlcə Dağlıq Qarabağın azərbaycanlı yaşayış məskənlərinin işğalına başladılar. 1992-ci il yanvarın 15-də Kərkicahan, fevralın 10-da Malıbəyli, Quşçular kəndləri işğal olundu, dinc və silahsız əhaliyə divan tutuldu. Xocalı və Şuşanın mühasirə məngənəsi daraldı. Tələm-tələsik həyata keçirilən Daşaltı əməliyyatı uğursuz oldu. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni quldurları Xankəndidə yerləşən 366-cı motoatıcı alayın bilavasitə iştirakı ilə Xocalı şəhərinə hücum edərək soyqırımı cinayəti törətdilər.
Erməni faşistləri Xocalıda 366-cı motoatıcı alayının əsgərləri ilə birlikdə 613 nəfər azərbaycanlını qətlə yetirdilər. 1000 nəfərdən artıq adam şikəst oldu, 1275 nəfər əsir alındı, 8 ailə bütünlüklə məhv edildi.
Xocalı faciəsindən sonra ölkə daxilində ictimai-siyasi sabitliyi bərpa etmək cəhdi iflasa uğradı və əsl hərc-mərclik dövrü başladı.
Bakıda hakimiyyət uğrunda gedən mübarizədən istifadə edən ermənilər 1992-ci il aprel ayının 8-də ərazisinə görə Qarabağın ən böyük rayonu olan Kəlbəcərin işğalına şərait yaratmaq məqsədilə rayonun Ağdaban kəndində soyqırımı hadisəsi törətdilər. Bunun üçün erməni separatçıları aprelin 7-dən 8-nə keçən gecə Ağdaban yalındakı gözətçi məntəqəsinə hücum edib, burada keşik çəkən 3 nəfəri qətlə yetirdilər. Onlar kəndin üst yanındakı bənd-bərələrə dolub səhər saat 6-da atəş açmağa başladılar. Azərbaycanlılara qarşı soyqırımını planlaşdıran erməni separatçıları planlı şəkildə hərəkət edirdilər. Plana əsasən evləri qarət edəcək, yerli sakinlərin mal-qarasını aparacaq, dinc sakinləri əsir götürəcək, müqavimət göstərənləri isə öldürəcək şəxslər əvvəlcədən müəyyənləşdirilmişdi. Belə bir vəziyyətdə ermənilər aprelin 8-də Çapar kəndi istiqamətindən Çayqovuşan və Ağdaban kəndlərinə hücum etdilər. Bu faciə nəticəsində Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi erməni silahlıları tərəfindən tamamilə yandırıldı, kəndin 779 nəfər sakininə işgəncələr verildi. 67 nəfər qətlə yetirildi, 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq və 7 qadın diri-diri odda yandırıldı, 2 nəfər itkin düşdü, 12 nəfərə ağır bədən xəsarətləri yetirildi. Ermənilər tərəfindən tarix, memarlıq və mədəniyyət abidələri dağıdıldı, müqəddəs ziyarətgah və məzarlıqlar təhqir olundu və məhv edildi. Bundan başqa, Azərbaycanın klassik aşıq şeirinin ustadı Aşıq Qurbani və onun oğlu, yaradıcı aşıq, Azərbaycan Yazıçılar Birliyinin üzvü Aşıq Şəmşirin evi, zəngin arxivi və əlyazmaları yandırıldı, talan olundu.
Ağdaban qırğınının səhəri günü - aprelin 9-da camaat hər yerdən rayon mərkəzinə toplaşdı. "Kəlbəcərin müdafiəsinə fövqəladə yardım komitəsi" yaradıldı. Lakin bölgələrdə ayrı-ayrı təşkilatların, yaxud yerli sakinlərin özünümüdafiə məqsədli heç bir təşəbbüsü nə respublikada hakimiyyət uğrunda mübarizə aparan qüvvələrin, nə də Ermənistanın hərbi işğalçılıq niyyətinin qarşısını ala bilmədi.
Bakıda hakimiyyət uğrunda gedən mübarizədən istifadə edən ermənilər Azərbaycan Respublikasının Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarını işğal etdilər.
Azərbaycan xalqı ermənilər tərəfindən başına gətirilən müsibətlərin qisasını 2020-ci ildə 44 günlük Vətən müharibəsində aldı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu torpaqlarımızın 30 il davam edən işğalına son qoydu. Bu işğaldan azad edilmiş ərazilərdə sürətli bərpa-quruculuq işləri aparılır. Görülən tədbirlər onu deməyə əsas verir ki, tezliklə Qarabağda həyat öz əvvəlki axarına qayıdacaq.
Bişkekdə TDT dövlət və hökumət başçılarının qeyri-rəsmi şam yeməyi olub
Müdafiə Nazirliyində QHT rəhbərləri ilə görüş keçirilib
Bu həftə ardıcıl 6 gün qeyri-iş günü olacaq
Bakıda Ukrayna Mərkəzi açılacaq
İsrailin müdafiə naziri istefa verib
21 cüdoçumuz Macarıstana Avropa Kubokuna yollanır
Putin Rusiyanın gələcəkdə də Azərbaycan-Ermənistan sülh sazişinə kömək edəcəyini deyib
“Azercell Biznes” rəqəmsal sənədləşmə imkanını təqdim edir
Paytaxtda küləyin sürəti saniyədə 28 metrə çatır
Azərbaycan səfiri etimadnaməsini Putinə təqdim edib
Bakı-Sumqayıt marşrutu üzrə bir neçə qatar ləğv edilir
“Qarabağ” UEFA Avropa Liqasının matçı üçün Norveçə yollanıb
“Bakcell” “Birbank” istifadəçilərinə xüsusi üstünlüklər verən “Birinci” tarifini təqdim edir
Zakir Həsənov Slovakiyada rəsmi səfərdədir
Hindistan Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyir
Faktiki hava:Bəzi rayonlarıa küləyin sürəti saniyədə 28 metrə çatır
İlham Əliyevə “Çingiz Aytmatov” ordeni təqdim edilib
AFFA “Turan Tovuz”la “Qarabağ”ı cərimələyib
Hazırda "bp"də 2401 nəfər Azərbaycan vətəndaşı çalışır
Əlcəzairli qadın Olimpiya çempionu kişi çıxıb
Tələbələrimiz ilk dəfə Tacikistanda təhsil alacaqlar
UEFA Avropa Liqası: “Qarabağ”ın səfər oyununa hakimi bəlli olub
Azərbaycan Şanxay Beynəlxalq İdxal Sərgisində təmsil olunur
Sabah Bakıda arabir yağış yağaca,14° isti olacaq
Paşinyanın qadın namizədi ədliyyə naziri təyin edilib