Aprelin 2-i saat 11 radələrində Sabunçu rayonunun Maştağa qəsəbə sakini, 1975-ci il təvəllüdlü Natiq Nəcəfovun xəsarət alması və almış olduğu xəsarətdən saat 15 radələrində xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Sabunçu rayon Prokurorluğundan YeniAvropa-ya daxil olan məlumatda bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, onunla eyni qəsəbədə yaşayan 1984-cü il təvəllüdlü Adəm Quliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Natiq Nəcəfova bıçaqla xəsarət yetirməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Adəm Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə istintaq davam edir.