logo

Səhiyyə qurumları gecə klubundakı partlayışla bağlı birgə məlumat yaydı

13:53 03-04-2022 | icon 3374
Səhiyyə qurumları gecə klubundakı partlayışla bağlı birgə məlumat yaydı

Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı ümumilikdə 31 nəfər müxtəlif dərəcəli xəsarət alıb, bir nəfər vəfat edib.

YeniAvropa xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında bildirilib.

Qeyd olunub ki, xəsarət alan şəxslərdən reanimasiyada olan yeddi nəfərdən üçünün vəziyyəti kritik, 10-nun vəziyyəti orta ağır, 6 nəfərin isə stabil olaraq qiymətləndirilir.

Xəsarət alan digər şəxslər ambulator yardım alaraq evə buraxılıblar.

Son məlumata görə, xəsarət alan şəxslərdən Nərimanov Tibb Mərkəzində müalicə alan iki nəfər müayinə olunub, ilkin tibbi müdaxilədən sonra vəziyyətləri qiymətləndirilərək evə buraxılmalarına icazə verilib.

Baş vermiş partlayış zamanı xəsarət alanlardan ikisi xarici ölkə vətəndaşıdır.

İtaliya vətəndaşı üz-çənə zədələnməsi diaqnozu ilə Respublika Klinik Xəstəxanasına yerləşdirilib, vəziyyəti stabildir.

Seneqal vətəndaşı isə Nərimanov Tibb Mərkəzinə yerləşdirilib və vəziyyəti ağır olaraq dəyərləndirilir.