logo

Bakının mərkəzindəki partlayışla bağlı cinayət işi başlanıb

09:50 03-04-2022 | icon 4305
Bakının mərkəzindəki partlayışla bağlı cinayət işi başlanıb

Xəbər verdiyimiz kimi, aprelin 3-də saat 03:00 radələrində paytaxtın Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda partlayış baş verib.

Baş Prokurorluğun mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, faktla bağlı Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 314.2-ci (səhlənkarlıq-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq, Baş prokurorun müvafiq qərarına əsasən prokurorluq və Fövqəladə Hallar Nazirliyinin müstəntiqlərindən ibarət birgə istintaq qrupu yaradılıb, istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub.

Hadisənin ilkin ehtimallarla binada qaz təchizatının olmaması səbəbindən orada quraşdırılmış qaz balonundan sızma nəticəsində baş verməsi müəyyən edilib.

Partlayış nəticəsində hazırda ölənlərin sayı bir nəfərdir (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova). 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan dördünün vəziyyəti çox ağır qiymətləndirilir. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri-yaşayış obyektinə ziyan dəyib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin olunmaqla zəruri istintaq hərəkətləri davam etdirilir.

İctimaiyyətə əlavə məlumat veriləcək.