logo

Bakıda “Medinex”- Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi keçiriləcək

15:30 30-03-2022 | icon 4158
Bakıda “Medinex”- Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi keçiriləcək

Noyabrın 3-dən 5-nə kimi Bakıda səhiyyə sahəsinin peşəkarlarını bir araya gətirən Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi “Medinex” keçiriləcək. Sərgidə aparıcı yerli və beynəlxalq istehsalçılar, eləcə də distribütorlar ölkənin səhiyyə klinikalarını təkmilləşdirməyə və müalicənin effektivliyini artırmağa kömək etmək məqsədilə öz yeni məhsul və xidmətlərini nümayiş etdirəcəklər.

YeniAvropa xəbər verir ki, bu barədə “Caspian Events Organisers” şirkətindən bildirilib.

Qeyd edilib ki, tibb və səhiyyə innovasiyalarını əhatə edən, Qafqaz regionunda ən iri və Azərbaycanda professional genişmiqyaslı tədbir olan “Medinex” sərgisinin hər il dövlət səviyyəsində dəstəklənməsi və geniş beynəlxalq tərkibi sərginin uğurlu keçməsinin əsas səbəblərindəndir.

“Medinex” sərgisinin təşkilatçısı olan “Caspian Events Organisers” şirkətinin baş direktoru Fərid Məmmədov bildirib ki, Azərbaycanda vətəndaşların keyfiyyətli tibbi xidmətlə təmin olunması prezident İlham Əliyevin yürütdüyü sosial siyasətin əsas istiqamətlərindən biridir və bu sahədə mühüm addımlardan biri olan icbari tibbi sığortanın tətbiqi özünü uğurla doğrultmaqdadır.

“Bizim üçün çox sevindirici haldır ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Medinex” Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisinin rəsmi dəstəkçisidr. İnanıram ki, əməkdaşlığımız məhsuldar olacaq və gələcək illərdə birgə fəaliyyətimizlə səhiyyə sahəsinə uğurlu töhfə verəcəyik”, - deyə baş direktor əlavə edib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib ki, son illər ərzində səhiyyə sahəsində qazanılmış nailiyyətlər Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına səbəb olub: “Dövlət başçısının rəhbərliyi, Birinci vitse-prezidentin dəstəyi ilə səhiyyədə əldə olunan əsas nailiyyətlərdən biri ölkə üzrə icbari tibbi sığortanın tətbiqidir”.

COVID-19 mövzusuna da toxunan Z.Əliyevin sözlərinə görə dünyada hökm sürən pandemiyanın səhiyyə xidmətlərinə olan tələbatı artırması bu sahənin inkişafına yeni imkanlar açır: “Xəstəliklərə qarşı yüksək səviyyədə mübarizə aparmaq tibbi xidmətlərin keyfiyyətinin artırılması, səhiyyənin maddi-texniki təminatının möhkəmləndirilməsi və tibb heyətinin peşəkarlığının yüksəldilməsi ilə mümkündür”.

Z.Əliyevin sözlərinə görə “Medinex” sərgisi təşkil olunduğu vaxtdan bu günədək yerli və xarici şirkətlər, dövlət müəssisələri arasında əməkdaşlığın qurulması və inkişaf etdirilməsi üçün əhəmiyyətli beynəlxalq platformaya çevrilib. Mühüm səhiyyə tədbirində iştirak şirkətlərin beynəlxalq əməkdaşlıq əlaqələrinin müzakirəsinə imkan yaradır.

Xatırladaq ki, tibdə informasiya texnologiyaları, dərman vasitələri, laboratoriya texnologiyaları, tibbi turizm, tibbi təhsil kimi sahələri əhatə edən “Medinex” sərgisi tibb sahəsində müasir innovasiyalar platforması və naviqator hesab olunur.