Martın 27-si Azərbaycanda Elm Günüdür.
YeniAvropa xəbər verir ki, bu tarix 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının təsis olunduğu günlə eyni vaxta təsadüf edir. Elm Günü ilə əlaqədar Azərbaycanın bir çox elmi müəssisələrində və təhsil ocaqlarında müxtəlif tədbirlər – elm aylığı, elm həftəsi, sərgilər, konfrans və seminarlar keçirilir.
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında 9 min 640 əməkdaş, o cümlədən, 4 min 319 elmi işçi, 538 elmlər doktoru və 1824 fəlsəfə doktoru fəaliyyət göstərir.
2021-ci ildə AMEA-nın elmi işçiləri bir sıra mühüm elmi və tətbiq xarakterli nəticələr əldə edib, 47-si xaricdə olmaqla 490 monoqrafiya və kitab, 2 min 70-i xaricdə olmaqla 6 min 640 məqalə dərc etdirib, 50 patent alıblar, 32 iş tətbiq edilib. Təbiət elmləri sahəsində minə yaxın məqalə “Web of Science” və “Scopus” bazalarında indeksləşən jurnallarda dərc olunub.