Sumqayıt şəhərində narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı əvvəllər də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum edilən Sumqayıt şəhər sakinləri Azad İsrafilov və Vaqif Cəfərov tutularaq istintaqa təqdim ediliblər. Onların üzərindən və yaşadıqları evlərdən satış üçün əldə etdikləri 500 qrama yaxın heroin, metamfetamin və 1 ədəd elektron tərəzi aşkar olunub. Azad İsrafilov və Vaqif Cəfərov Sumqayıt şəhərində narkotik vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər.
Sumqayıt şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat zamanı Corat, həmçinin ətraf qəsəbələri rabitə və internetlə təmin edən kabel xətlərini kəsərək oğurlayan əvvəllər məhkum olunmuş Famil Babayev saxlanılıb. Araşdırma zamanı onun müxtəlif vaxtlarda qeyd edilən ərazidən 400 metrə yaxın kabeli oğurladığı və əlvan metal qəbulu məntəqələrinə satdığı müəyyən edilib. Famil Babayev sonuncu dəfə kabel xətlərini kəsərək oğurlamaq istəyən zaman saxlanılaraq polis bölməsinə gətirilib.
Faktlarla bağlı saxlanılan hər üç şəxs barəsində toplanan materiallar Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Onlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib. Azad İsrafilov, Vaqif Cəfərov və Famil Babayevin ətrafında əməliyyatlar davam etdirilir.