logo

Arvadını əvvəlcə maşınla vurdu, sonra da bıçaqlayıb öldürdü

11:55 25-03-2022 | icon 1960
Arvadını əvvəlcə maşınla vurdu, sonra da bıçaqlayıb öldürdü

Martın 24-də saat 14 radələrində 1985-ci il təvəllüdlü Məmmədova Əfsanə Faxrəddin qızının öldürülməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Goranboy rayon Prokurorluğundan YeniAvropa-ya daxil olan məlumatında bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, eləcə də zəruri cinayət-prosessual hərəkətlər icra edilib.

Aparılmış ilkin araşdırmalarla müəyyən olunub ki, 1977-ci il təvəllüdlü Mehman Süleymanov bir ildir faktiki olaraq ayrı yaşadığı arvadı Əfsanəni idarə etdiyi "Land Rover Discovery" markalı avtomobillə saat 13 radələrində rayonun Dəliməmmədli şəhərində yerləşən musiqi məktəbinin yaxınlığında öldürmək niyyəti ilə vurub. M.Süleymanov daha sonra avtomobilində gəzdirdiyi mətbəx bıçağı ilə ona bir neçə kəsilmiş-deşilmiş xəsarət yetirib.

Əfsanə Məmmədova xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Mehman Süleymanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Cinayətin törədilməsində istifadə olunmuş bıçaq sonuncudan götürülüb.

Müdafiəçinin iştirakı ilə dindirilən zaman Mehman Süleymanov törətdiyi əməli etiraf edib.

Hazırda iş üzrə istintaq davam etdirilir.