Quba rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan YeniAvropa-ya bildirilib ki, verilmiş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı narkotik vasitələrin əldə olunması, saxlanması və daşınmasında şübhəli bilinən Bakı şəhər sakinləri Mais Alməmmədov, İlkin İbrahimov və Vahid Allahverdiyev saxlanılıblar. Həmin şəxslərin üzərinə və M.Alməmmədova məxsus avtomobilə baxış keçirilən zaman külli miqdarda heroin, marixuana və metamfetamin aşkarlanaraq götürülüb.
Bundan başqa, M.Alməmmədova məxsus avtomobilə baxış zamanı 2 ədəd qatlanan cib bıçağı aşkarlanıb.
Araşdırmalar zamanı hər üç şəxsin Qubaya istirahət etmək məqsədilə gəldikləri müəyyənləşdirilib.
Faktla bağlı Quba rayon Polis Şöbəsində cinayət işi başlanıb. Məhkəmənin qərarı ilə həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.