logo

17 gün ərzində düşən yağıntının miqdarı aylıq normanı ötüb-ETSN

17:13 18-03-2022 | icon 1883
17 gün ərzində düşən yağıntının miqdarı aylıq normanı ötüb-ETSN

Hazırda ölkə ərazisində hava şəraiti qeyri-sabitdir. Neçə gündür ki, respublikanın regionlarında aramsız yağıntılar müşahidə olunur. Mart ayının bitməsinə 10 gündən çox qalmasına baxmayaraq, Bakıda və Abşeron yarımadasında son dövrlər ərzində düşən yağıntının miqdarı aylıq normanı ötüb. Son 17 gün ərzində Bakıda və Abşeron yarımadasında düşən yağıntının miqdarı aylıq normanın 105 faizini təşkil edir. Regionlarda da yağıntılar normadan xeyli çoxdur. Hətta normadan 65-87 faiz yüksəkdir. Burada Quba, Zaqatala, Altıağac, Balakən, Xaltan, Mərkəzi Aran rayonlarından Biləsuvarı və Lənkəran-Astara bölgəsini xüsusi qeyd etmək istərdim.

YeniAvropa xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Facebook" səhifəsi üzərindən canlı yayımlanan “Ekspert saatı”nda deyib.

Xidmətin rəisi bildirib ki, rayonlarda temperatur göstəricilərinin iqlim normasından 4 dərəcəyə qədər aşağı olmasına görə ölkə ərazisini çox soyuq hava kütləsi əhatə edir. Buna görə də dağlıq və dağətəyi rayonlarda yağıntılar əsasən qar şəklindədir. Qar örtüyü Qax rayonunun Sarıbaş məntəqəsində 74, Altıağacda 43, Xaltanda 26, Şəkidə 17 santimetrdir. Zaqatala, Qusar, Quba, Qobustan, Qəbələ, Göygöl rayonlarında 2 santimetrdən 11 santimetrədək qar örtüyü müşahidə olunur. Buna səbəb uzun müddətdir ki, Mərkəzi Rusiya üzərində bloklaşdırıcı antisiklonun yerləşməsi, ölkə ərazisindən fasilələrlə Aralıq dənizi siklonlarının və onlarla bağlı olan soyuq atmosfer cəbhələrinin keçməsidir. Fevralda belə intensiv yağıntılar qeydə alınmamışdı. Xüsusən də fevralda az yağıntılı hava şəraitindən sonra martda havanın bir qədər soyuq, qeyri-sabit keçməsinə rəğmən, yağıntıların çox düşməsi yaxşı haldır.

U.Tağıyevanın sözlərinə görə, yaxın günlərdə qeyri-sabit hava şəraitinin davam etməsi proqnozlaşdırılır: “Hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Martın 19-da yağışın intensivliyi azalacaq. Buna baxmayaraq, günün birinci yarısında fasilələrlə yağışlı hava şəraiti gözlənilir. Martın 20-də yağıntı ilə bərabər küləyin güclənməsi proqnozlaşdırılır. Abşeron yarımadasında və respublikanın bəzi rayonlarında küləyin maksimal sürəti saniyədə 23-28 metrə qədər güclənəcək. Paytaxtda havanın temperaturu 3-5 dərəcə arasında olacaq. Martın 21-də səhər saatlarından küləyin sürəti bir qədər səngiyəcək. Həmin gün gündüz saatlarında yağışın yağmasında qısa fasilənin olacağı proqnozlaşdırılır”.