logo

Yaponiyadakı 7,4 ballıq zəlzələdən azərbaycanlılar xəsarət almayıb

12:32 18-03-2022 | icon 1771
Yaponiyadakı 7,4 ballıq zəlzələdən azərbaycanlılar xəsarət almayıb

Yaponiyanın şimal-şərqində baş verən güclü zəlzələdən Azərbaycan vətəndaşlarının xəsarət alçası barədə məlumat daxil olmayıb.

YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycanın Yaponiyadakı səfirliyindən məlumat verilib. Bildirilib ki, güclü zəlzələdən sonra çoxsaylı xəsarət alanlar barədə məlumatların yayılmasına baxmayaraq, Yaponiyadakı Azərbaycan vətəndaşları tərəfindən bununla bağlı səfirliyə məlumat daxil olmayıb.

Bu ərəfədə yerli KİV və xilasedicilər zəlzələ nəticəsində Yaponiyanın müxtəlif prefekturalarında 3 nəfərin həyatını itirməsi 225 nəfərin isə müxtəlif xəsarətlər alması barədə məlumat yayıblar. Ən çox xəsarət alanların zəlzələnin episentrinə yaxın olan Fukuşima və Miyaqi prefekturalarında olduğu qeyd edilir.

Xatırladaq ki, martın 16-da yerli vaxtla saat 23:43 dəqiqədə Fukuşima prefekturasının şərqində 7,4 bal gücündə zəlzələ olub. Yeraltı təkanların ocağı Sakit okeanda, 60 kilometr dərinlikdə yerləşib. Güclü zəlzələ nəticəsində Fukuşima və Miyaqi prefekturası sahillərində 20-30 santimetr hündürlükdə sunami qeydə alınıb.

Yeraltı təkanlardan dərhal sonra təqribən 2 milyon evə elektrik enerjisinin verilişində fasilə yaranıb. Miyaqi prefekturası ərazisində hərəkət edən sürətli “Shinkansen” qatarı relsdən çıxıb. Qatarların hərəkətində fasilələr yaranıb. Zəlzələnin daha güclü hiss edildiyi ərazilərdə bir sıra dağıntılar da qeydə alınıb.

Yapon seysmoloqlar yaxın həftədə güclü afterşoklar barədə xəbərdarlıq ediblər. Hazırda zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.