logo

Ağsuda öldürdüyü sevgilisini aparıb Kürdəmirdə basdıran şəxs 5 il sonra həbs edildi

10:50 18-03-2022 | icon 1610
Ağsuda öldürdüyü sevgilisini aparıb Kürdəmirdə basdıran şəxs 5 il sonra həbs edildi

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi əvvəlki illərdə törədilərək bağlı qalmış cinayətlərin açılması istiqamətində ardıcıl tədbirləri davam etdirir.

Hər iki qurumun mətbuat xidmətlərinin YeniAvropa-ya daxil olan birgə məlumatında bildirilib ki, beş il əvvəl Ağsu rayonunda törədilmiş cinayətin üstü səmərəli birgə fəaliyyəti nəticəsində açılıb.

Belə ki, 1999-cu il təvəllüdlü Ağsu şəhər sakini Qəhrəmanova Ayşən Namizəd qızının 2017-ci il yanvarın 27-də itkin düşməsi faktına görə Ağsu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə başlanmış cinayət işi üzrə icraat təqsirləndirilən şəxsin müəyyən edilməməsi əsası ilə 2019-cu il dekabrın 20-də dayandırılıb.

Cari il martın 7-də iş üzrə icraat təzələnərək, istintaq Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsi tərəfindən davam etdirilib, peşəkar prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb, kompleks istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri həyata keçirilib.

İstintaqla müəyyən edilib ki, 2017-ci il yanvarın 27-dən 28-ə keçən gecə 1991-ci il təvəllüdlü Asif Manafov yaxın münasibətlərdə olduğu Ayşən Qəhrəmanova ilə aralarında yaranmış mübahisənin gedişində bıçaqla xəsarət yetirməklə onu öldürüb meyiti əvvəlcə Qaraqaşlı kənd qəbiristanlığında gizlədib. O, yanvarın 28-də saat 22 radələrində meyiti oradan götürüb Kürdəmir rayonu ərazisində Şirvan kanalının yaxınlığında basdırıb.

Martın 16-da meyitin basdırıldığı yerdən insan skeletinin hissələri, geyim əşyalarının fraqmentləri aşkar edilərək götürülüb.

Asif Manafov martın 17-də şübhəli şəxs qismində tutulub. O, dindirilərkən törətdiyi əməli etiraf edib.

Prokurorluq orqanları qeyri-aşkar şəraitdə törədilən və ötən illərdən gizli qalan cinayətlərin açılması istiqamətində işləri davam etdirir.