Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, professor Soltan Əliyevə qarşı dələduzluqda ittiham olunan Səadət Xəlilovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
YeniAvropa xəbər verir ki, prosesdə hökm oxunub. Hökmə əsasən, Səadət Xəlilov 9 il azadlıqdan məhrum edilib.
İtihama əsasən, Səadət Xəlilov, Qulu Muxtarov və Sahil Abuşov Soltan Əliyevin 2 milyon manatını ələ keçiriblər. S.Xəlilov həbsdə olsa da, digər iki nəfər – Qulu Muxtarov və Sahil Abuşov məhkəmə dövründə ev dustaqlığında olublar. Ötən ilin dekabrında məhkəmə iclaslarına gəlmədiklərinə görə onların barəsində axtarış elan olunub və hər ikisi həbs ediliblər. Bundan sonra Q.Muxtarov və S.Abuşovun cinayət işi S.Xəlilovun cinayət işindən ayrılıb, ayrıca icraata verilib.
Məhkəmənin gedişində məlum olub ki, "Bakı Metropoliteni"nin keçmiş rəisi Tağı Əhmədov yaxın dostu, professor Soltan Əliyev vasitəsilə Səadət Xəlilov, Qulu Muxtarov və Sahil Abuşova ümumilikdə 2 milyon manata yaxın pulu sələmə verib. Onlar mərmər biznesində böyük qazanc olduğunu deyərək T. Əhmədovu bu işə pul yatırmağa inandırıblar. T. Əhmədov isə pulları həmin şəxslərə verib. Daha sonra sələmi qaytara bilmədikləri üçün Soltan Əliyev onlardan şikayət edib. Cinayət işi üzrə zərərçəkmiş kimi də S. Əliyev tanınıb.