Bu gün, İlaxır çərşənbədə gözəl Şəki şəhərində Azərbaycandakı 6-cı “Amerika guşəsi”nin açılışını etməkdən çox məmnunam. Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının otuz illiyi, həmçinin Azərbaycanın müstəqilliyini bərpa etməsinin 30 illiyində bu guşənin açılışını etməkdən çox şadam.
YeniAvropa xəbər verir ki, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında “Amerika guşəsi”nin açılışı münasibətilə keçirilən mərasimdə jurnalistlərə müsahibəsində deyib.
Səfir bildirib ki, “Amerika guşəsi” buradan istifadə edən, faydalanan şəxslərə müxtəlif imkanlar, fürsətlər yaradır. Bütün yaşlardan olan insanlara ingilis dilinin öyrədilməsinə və bu dilin öyrənilməsi vasitəsilə müxtəlif məlumat mənbələrinə çıxmağa, iş bacarıqlarını təkmilləşdirməyə imkan verir.
“Ümid edirəm ki, “Amerika guşəsi” bu dediyimiz bacarıqlar vasitəsilə Şəkidə turizm, kənd təsərrüfatı və digər sahələrin inkişaf etdirilməsinə, yeni iş yerlərinin yaradılmasına öz töhfəsini verəcək. Şəkidə bu guşənin açılması Amerika hökumətinin, xalqının Azərbaycanla növbəti 30 ildə diplomatik əlaqələr qurmağa və uğurla davam etdirməyə olan sadiqliyinin bariz nümunəsidir”, - deyə səfir Örl Litzenberqer vurğulayıb.