Şuşa və Ağdam şəhərlərinə müntəzəm avtobus reyslərinə aprel ayına olan biletlər satışa çıxarılıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən YeniAvropa-ya bildirilib ki, sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə biletləri “Yolumuz Qarabağa” portalı (www.yolumuzqarabaga.az) vasitəsilə onlayn qaydada ala bilərlər.
Qeyd edək ki, Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm avtobus marşrutları yanvarın 24-də istifadəyə verilib. Bu günə qədər Şuşa və Ağdam istiqamətində 64 reys uğurla həyata keçirilib. Ümumilikdə 2800-dən çox sərnişin müvafiq istiqamətlər üzrə səfər edib.
Marşrutların təhlili, həmçinin tələbat və bilet satışı dinamikası, eləcə də vətəndaşların istəkləri nəzərə alınaraq, avtobusların hərəkət cədvəllərində müəyyən dəyişikliklər olunub. Belə ki, təhlillər nəticəsində Bakı–Ağdam–Bakı istiqamətində əlavə reysin açılması qərara alınıb. Aprel ayından etibarən sərnişinlər Bakı–Ağdam–Bakı istiqamətində bazar günləri də səfər edə biləcəklər.
Məlumat üçün bildirək ki, martın 13-də Bakıdan Şuşa istiqamətində müntəzəm reys həyata keçirən avtobusun geri dönüşü güclü qar və yolların buz bağlaması ilə əlaqədar sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün təxirə salınıb. Onların Şuşada qalmasına şərait yaradılıb. Sərnişinlərin təhlükəsiz şəkildə geri dönmələri təmin edilib.
Həmçinin hava şəraiti ilə əlaqədar sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə martın 15 və 16-da Əhmədbəyli–Şuşa–Əhmədbəyli reysləri təxirə salınıb. Həmin reyslər aprelin 7 və 8-də həyata keçiriləcək.