Son iki ildə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti yanında yaradılmış xüsusi komissiya tərəfindən sənədlərin məhkəmələrə göndərilməsi nəticəsində 3560 məhkum cəzasının çəkilməmiş hissəsindən azad edilib.
YeniAvropa xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov martın 11-də keçirilən mətbuat konfransında məlumat verib.
O deyib ki, komissiyanın fəaliyyəti nəticəsində 840 məhkum məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb. İki mindən çox təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs-qətimkan tədbiri məhkəmələr tərəfindən dəyişdirilib.
Malik Ələkbərov bildirib ki, 2000-ci ildən indiyədək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə minə yaxın dəyişiklik edilib. Dövlətimizin başçısının tapşırığı ilə cəzaların icrasına da 200-dən artıq dəyişiklik edilib. Bu dəyişikliklər nəticəsində qərarlardan şikayət verilmək, məhkumların ödənişsiz müayinələrdən keçirilməsi, onların telefonla danışmaq hüququ və digər hüquqlar təmin edilib. Bu prosesdə, həmçinin 2200-ə yaxın məhkum cəzadan azad edilib.
“Amnistiya aktı 15 min 450 nəfərə şamil edilib. Onlardan 8626 nəfər cəzadan tam azad edilib, 6490 nəfərin cəza müddəti azaldılıb. Amnistiya aktı tətbiq edilənlərin 86 nəfəri Vətən müharibəsi iştirakçısı olub. Amnistiya aktı ilə 1200 nəfər məhkum pul cərimə cəzasından azad edilib. Cərimələrin miqdarı ümumilikdə 1 milyon 500 min manat olub. Amnistiya aktı 735 qadına şamil edilib ki, onların 45-i yetkinlik yaşına çatmayan, 491 nəfəri 60 yaşına çatmış, 83-ü isə əcnəbi vətəndaşdır”, - deyə Malik Ələkbərov əlavə edib.