Martın 9-u saat 19 radələrində 1953-cü il təvəllüdlü Nuriyyə Nəzirovanın Şabran rayonu ərazisində yaşadığı evdə aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat verilib.
Şabran rayon Prokurorluğundan YeniAvropa-ya daxil olan məlumatda bildirilib ki, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin oğlu 1986-cı il təvəllüdlü Məhəmməd Nəzirovun sərxoş vəziyyətdə olaraq şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Nuriyyə Nəzirovaya bədəninin müxtəlif nahiyələrinə təpik və yumruqla çoxsaylı zərbələr yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən olunub.
Faktla bağlı Şabran rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Məhəmməd Nəzirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.