İctimai fəal Bəxtiyar Hacıyev Daxili İşlər Nazirliyinin(DİN0 binası qarşısında etiraz olaraq özünü yandırmağa cəhd edib.
YeniAvropa xəbər verir ki, bu barədə DİN mətbuat xidmətindən bildirilib.Qeyd edilib ki, vətəndaş Bəxtiyar Hacıyev şikayət əsasında aparılan araşdırmaya etiraz edərək bu gün saat 14:30 radələrində özünə məxsus avtomobillə DİN-in inzibati binasının qarşısına gəlib: “Polis əməkdaşları ona yaxınlaşaraq həmin yerdə dayanma-durmanın qadağan olduğunu bildiriblər. Bəxtiyar Hacıyev isə maşındakı yanar mayeni göstərərək özünü də, avtomobili də yandıracağını deyib. Buna görə də polis əməkdaşları müdaxilə etmək məcburiyyətində qalıb və qapını açaraq həmin yanacağı maşından götürüblər. Bununla da polislər baş verə biləcək hadisənin qarşısını alıblar.
Bəxtiyar Hacıyev isə etirazının səbəbinin araşdırılması məqsədilə müvafiq polis idarəsinə aparılıb. Hazırda araşdırma davam etdirilir”, - deyə DİN-in məlumatında bildirilib.
Xatırladaq ki,Bəxtiyar Hacıyev ötən il oktyabrın 18-də Prezidentin Administrasiyasının qarşısında intihara cəhd edib. Ancaq Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları onu saxlayaraq polisə təhvil veriblər.
Bəxtiyar Hacıyev "Meydan TV"yə müsahibəsində bildirib ki, hakimiyyətin ona qarşı etdiyi mənəvi terrora və buna görə hüquq-mühafizə orqanlarına müraciətlərinə baxılmaması onu belə bir sərt addım atmağa sövq edib.