logo

Ağacların qanunsuz kəsilməsi ilə bağlı altı cinayət işi başlanıb

15:05 09-03-2022 | icon 1736
Ağacların qanunsuz kəsilməsi ilə bağlı altı cinayət işi başlanıb

Azərbaycan Respublikasının Baş Prokurorluğu ətraf mühitin qorunması sahəsində hüquqpozmaların qarşısının alınması, aşkarlanması və araşdırılması istiqamətində aidiyyəti səlahiyyətli qurumlarla birgə fəaliyyəti davam etdirir.

Baş Prokurorluğun mətbuat xidmətindən  YeniAvropa-ya bildirilib ki,Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən Sabirabad, İmişli, Ağcabədi, Bərdə və Ağdam rayonlarının ərazilərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılmış araşdırma nəticəsində 6 cinayət işi başlanıb. Araşdırmalarla dövlət mülkiyyətində, xüsusilə qorunan ərazilərdə, həmçinin bələdiyyələrin mülkiyyətində olan ərazilərdə, habelə meşə fonduna aid ağacların qanunsuz kəsilməsi faktları təsdiqini tapıb.

Ağacların qanunsuz kəsilməsi hallarının aidiyyəti vəzifəli şəxslərin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi nəticəsində baş verməsi müəyyən edildiyindən faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci, 259.2.4-cü (qanunsuz ağac kəsmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işləri başlanıb. Cinayət işləri istintaqın aparılması üçün rayon və şəhər prokurorluqlarına, eləcə də daxili işlər orqanlarının istintaq bölmələrinə göndərilib.