logo

Binəqədidə evin zirzəmisində narkotika becərdi-8 il həbs edildi

14:13 03-03-2022 | icon 1918
Binəqədidə evin zirzəmisində narkotika becərdi-8 il həbs edildi

Evinin zirzəmisində çətənə kolları yetişdirən 34 yaşlı Bakı şəhər sakininə hökm oxunub.

 YeniAvropa xəbər verir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində və onların kultivasiyasında ittiham olunan Hümmət Səlimanovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Qeyd edək ki, ötən il mayın 24-də Hümmət Səlimanov Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı saxlanılıb. Belə ki, Binəqədi qəsəbəsində yaşayan H.Səlimanovun evinin zirzəmisində narkotik tərkibli bitkiləri əkib-becərdiyi barədə idarəyə məlumat daxil olub. Zirzəmiyə baxış zamanı ev sahibinin istixanada xüsusi qulluq edərək yetişdirdiyi 103 ədəd çətənə kolları və şitilləri, eləcə də 870 qram qurudulmuş marixuana aşkar edilib. Çətənə kollarının yetişdirilməsi üçün zirzəmiyə xüsusi olaraq su, istilik və havalandırma sistemi çəkdiyi də məlum olub.

Təqsirləndirilən Hümmət Səlimanov ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. İfadəsində taksi fəaliyyəti ilə məşğul olduğunu, üç-dörd ildir ki, marixuanadan istifadə etdiyini, narkotik vasitəni tanımadığı şəxslərdən aldığını, bəzən pulu olmadığını, bəzən isə narkotik satan şəxs tapa bilmədiyini, ona görə də marixuananı özü əkib-becərməyi qərara aldığını göstərib

“İki azyaşlı övladım var. Ailə üzvlərim mənimlə bir evdə yaşasalar da zirzəmidə nə işlə məşğul olduğumu bilmirdilər. Zirzəminin qapısı həmişə bağlı olurdu, yalnız özüm girib-çıxırdım  İçəriyə işıq, su çəkmişdim, əlavə torpaq gətirmişdim, əkin üçün şərait yaratmışdım. Marixuana kollarının diblərinə gübrə tökərək onlara dörd-beş ay idi ki, qulluq göstərirdim. Bu bitkiləri yetişdirməkdə məqsədim şəxsi tələbatımı ödəmək olub, satmaq niyyətində deyildim. Qurutduğum marixuananı özüm istifadə edirdim”- deyə H.Səlimanov ifadəsində bildirib.

Lakin məhkəmə bu ifadəni inandırıcı hesab etməyib və narkotikin təkcə şəxsi istifadə üçün əkilib-becərildiyinə inanmayıb. Məhkəmənin hökmü ilə Hümmət Səlimanov 8 il müddətinə azadlıqdan məhrum edilib.