Bu gün gecə saatlarında Ukraynadan Azərbaycana dördüncü çarter reysi həyata keçiriləcək və 170 nəfərdən çox azərbaycanlı ölkəmizə gətiriləcək.
YeniAvropa xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.
O bildirib ki, Ukrayna hökumətinin ən təhlükəsiz nəqliyyat növü kimi məhz qatarı tövsiyə etməsi ilə ötən gün Xarkovdan azərbaycanlıların təxliyəsi həyata keçirilib. Martın 1-də 800 nəfərdən çox azərbaycanlı Xarkovdan qatarla Moldova istiqamətinə yola düşüb. Qatar yaxın dəqiqələrdə Moldova sərhədinə çatıb. Ən çox sıxlıq isə əsasən Moldova, Rumıniya və Polşa istiqamətlərində müşahidə edilir.
“Dövlətimizin başçısının birbaşa tapşırığı ilə təxliyəni həyata keçirmək üçün Moldova və Rumıniya istiqamətlərində çarter reyslər də artıq işə düşüb. İlk iki çarter reys fevralın 28-də Rumıniya istiqamətində həyata keçirilib. Birinci reyslə 168, ikinci reyslə isə 174 Azərbaycan vətəndaşı ölkəyə təxliyə edilib. Bu gün isə 167 vətəndaşımız üçüncü çarter reysi ilə Rumıniyadan Azərbaycana gətirilib. Bu ərazilərdə toplaşan azərbaycanlılar avtobuslardan, həmçinin şəxsi minik avtomobillərindən də istifadə olunaraq ölkəmizə gətirilir. Onların arasında bilet alaraq geri qayıdanlar, şəxsi avtomobilləri ilə geri dönənlər də var. Ən həssas qruplar, xüsusilə yaşlılar, xəstələr, qadınlar, uşaqlar və aztəminatlı insanlar çarter reysləri vasitəsilə Azərbaycana gətirilir. Xüsusilə bu gün həyata keçirilən çarter reyslərində uşaqlar, yaşlılar və qadınlara üstünlük verilib. Onu da qeyd edim ki, belə çarter reyslər davam etdiriləcək”, - deyə Leyla Abdullayeva vurğulayıb.