logo

Azərbaycanın QHT-ləri Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı bəyanat yayıblar

14:59 26-02-2022 | icon 2044
Azərbaycanın QHT-ləri Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı bəyanat yayıblar

Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı bəyanat yayıblar.

YeniAvropa həmin bəyanatı təqdim edir:

“1992-ci il fevralın 25-dən 26-na keçən gecə SSRİ silahlı qüvvələrinin Xankəndi şəhərində yerləşən 366-cı alayının şəxsi heyəti və erməni silahlı birləşmələrinin iştirakı ilə Xocalı şəhərinin dinc əhalisinə qarşı soyqırımı törədildi. Əhalisi 7000-dən çox olan Xocalı şəhəri yerlə-yeksan edildi, əhali azərbaycanlı-türk olduğuna görə kütləvi surətdə qətlə yetirildi. Ermənilər dinc əhaliyə qarşı ən ağır, ən amansız üsullardan istifadə edərək XX əsrin ən faciəli qətliamlarından birini törətdilər. Nəticədə Xocalı soyqırımı zamanı şəhərin 5379 nəfər sakini zorakılıqla qovulmuş, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalmış (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri almış, 8 ailə tamamilə məhv edilmiş, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirmiş, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca işgəncə verilməklə vəhşicəsinə öldürülmüşdür.

Ermənistanın münaqişə, müharibə zamanı mülki insanlara qarşı vəhşiliyi bütün tarixi dövrlərdə onların dövlətinin əsas siyasəti olmuşdur. Ermənistan istər 1988-1994-cü illərdə, istərsə də 2020-ci il Vətən mübarizəsi zamanı mülki əhaliyə qarşı ağır cinayətlər törətmişdir. 44 günlük Vətən müharibəsi zamanı hərbi əməliyyatların keçirildiyi ərazilərdən yüz kilometr aralıda yerləşən Gəncə, Bərdə, Tərtər, Ağcabədi, Naftalan və s. yaşayış məntəqələri Ermənistan tərəfindən qadağan olunmuş silahlarla bombalanmışdır. Bu müharibə cinayətləri nəticəsində 100-dən çox mülki vətəndaş qətlə yetirilmiş, 400-dən çox insan yaralanmış, 4 mindən çox yaşayış evi, o cümlədən 135-dən artıq çoxmərtəbəli bina dağıdılmışdır.

Ermənistanın Azərbaycana, azərbaycanlılara qarşı patoloji nifrəti 30 ildən sonra işğaldan azad edilmiş ərazilərimizdə də özünü büruzə vermişdir. Belə ki, 30 il ərzində işğal edilmiş bütün ərazilərdə Azərbaycana aid tarixi, mədəni, dini və s. abidələr məhv edilmiş, ekoloji terror törədilmişdir.

Biz bilirik ki, 30 ildir Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması Azərbaycan Respublikasının xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Bu müddət ərzində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xocalıya ədalət!” kampaniyası keçirilmiş və Xocalı soyqırımı haqqında dünya ictimaiyyəti məlumatlandırılmışdır. Nəticə etibarilə 17 dövlətin qanunvericilik orqanı, həmçinin ABŞ-ın 24 ştatı, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı Xocalı soyqırımı ilə bağlı qətnamə və digər sənədlər qəbul ediblər. Görülən bütün işlərə, beynəlxalq təzyiqlərə baxmayaraq, bu günədək Ermənistan silahlı qüvvələrinin Xocalıda insanlıq əleyhinə törətdikləri cinayət əməllərində bilavasitə iştirak etmiş şəxslərdən heç biri cinayət məsuliyyətinə cəlb edilməyib.

Biz Azərbaycan vətəndaş cəmiyyətinin üzvləri olaraq inanırıq ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı törədilmiş ağır cinayətlərə görə məsuliyyət daşıyan canilər tezliklə ədalət məhkəməsi qarşısına çıxarılacaq və onlar törətdikləri bu soyqırımı hadisəsinə görə layiqli cəzalarını alacaqlar”.