Qax rayonunun Qum kəndi yaxınlığında İlisu Dövlət Təbiət Qoruğunun ərazisində dağ-meşə zonasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində geniş əraziyə yayılmasının qarşısı alınaraq axşam saatlarında söndürülüb.
FHN-in mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, yanğın nəticəsində təqribən 15 hektar sahədə kol-kos, xəzəl, qurumuş ağaclar və ağac kötükləri yanıb. Yanğının mürəkkəb relyefli dağlıq ərazidə baş verməsinə və küləkli hava şəraitinin yanğının söndürülməsi prosesini mürəkkəbləşdirməsinə baxmayaraq, yanğınsöndürənlərin səyi ilə sıx meşəlik ərazi yanğından mühafizə olunub.
Əsasən əl əməyi ilə həyata keçirilən yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri ilə yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və bir qrup yerli sakin də iştirak edib.